“Düşünürəm ki, bizə inananların sayı az idi. Kiprdəki matçda əla ab-hava hökm sürürdü”.
APA-nın məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Antuan Bernye deyib.
Avropa Liqasının A qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan lüksemburqlular ilk turun Kiprdəki matçında APOEL-ə qalib gəliblər. A.Bernye 4:3 hesablı qələbəyə şərh verib: “Oyunun gedişində yerli azarkeşlər narazılıq nümayiş etdirərək APOEL-i firə basdı. Bu da bizim işimizə yaradı. Başa düşürəm ki, bu görüşdə uduzmaq necə pis təsir edərdi”.
22 yaşlı futbolçu Avropa Liqasının klub üçün vacibliyini də vurğulayıb: “Komandada 36 futbolçu var. Çempionatda isə cəmi 26 matç keçiririk. Bundan başqa, ölkə kubokunda da çıxış edirik. Yaxşı ki, Avropa Liqasında da oyunlarımız var. Çempionlar Liqasında uduzduqdan sonra burada mübarizəni davam etdiririk”.
Oktyabrın 3-də “Qarabağ”ı qəbul edəcək “Düdelanj”ın futbolçusu qarşıdakı matç barədə də düşüncələrini bölüşüb: “Püşkatmada “Sevilya”nın bizimlə eyni qrupa düşməsi yaxşı oldu. Çünki bu komanda Avropa Liqasında ən yaxşı klubdur və onunla rəqib olmaq istəyirdik. “Qarabağ” da Çempionlar Liqasında oynamış komandadır. Amma bizim də bu qrupda şanslarımız var. Hədəfim bu oyunlarda özümü daha yaxşı göstərməkdir”.