“Çoxları elə hesab edir ki, “Arsenal” Avropa Liqasında uğursuzluğa düçar olub və Rusiya Premyer Liqasını lazımınca təmsil etməyib. Amma bunu deməzdən öncə diqqətli analiz aparmaq lazımdır. Obyektiv yanaşsaq, tulalılar tarixdə ilk dəfə Avropa Liqasında çıxış edirdilər”.
APA-nın məlumatına görə, bunu italiyalı jurnalist Mikael Braqa deyib.
“MondoSportivo”, “La Gazzetta dello Sport” və “CalcioRusso”da çalışan mütəxəssis Rusiya mətbuatına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Arsenal” oyunu barədə fikirlərini bölüşüb. O, Rusiya təmsilçisinin Bakıda 0:3 hesabı ilə uduzmasını təcrübəsizlik və “ağ-qaralar”ın gücü ilə əsaslandırıb: “Komandanın heyətində avrokubok təcrübəsi olanlar tək-tükdür. “Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində heç də debütant deyil. Bəli, 0:3 hesablı məğlubiyyət ciddidir. Amma indi “Arsenal” ötən mövsümün ikinci yarısında olduğu qədər güclü deyil. Düşünürəm ki, yazda tulalılar “Neftçi”dən güclü idi. Lakin istənilən halda, Bakıda təcrübəli və yaxşı təşkil olunmuş komanda var. Məncə, bu komanda Rusiya Premyer Liqasında 7-13-cü yerlər uğrunda mübarizə apara bilər. İndi deyirlər ki, “Arsenal” Avropa Liqası ilə tez vidalaşmaq istəyib ki, çempionatda yerini qorumaq üçün mübarizə aparmasın. Necə ki, ötən mövsüm “Ufa” belə halla üzləşmişdi. Amma mən inanmıram ki, Tula klubunda belə uğursuzlar var. “Arsenal” ona görə avrokubokda oynamaq hüququ qazanmayıb ki, sonra buradan necə tez qurtulmaq barədə düşünsün”.