Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” - “Sumqayıt” matçında xoşagəlməz hadisə yaşanıb.
APA-nın məlumatına görə, baş hakim Səbuhi Bayramovun görüşə əlavə etdiyi dəqiqələrdə “ağ-qaralar” feyr-pleyə əməl etməyərək, fərqləniblər.
Qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz "Sumqayıt"ın qapısına yol tapıb.
Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra "Sumqayıt"ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, "Neftçi"li onu öpüb.
Qeyd edək ki, məhz S. Monrozun vurduğu qol "Neftçi"yə qələbə qazandırıb - 2:1.