Bu gün Avropa Liqasında çıxış edən Azərbaycan klubları növbəti oyunlarını keçirəcəklər.
APA-nın məlumatına görə, “Neftçi” və “Qəbələ” II təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar.
Əyalət təmsilçisi Tbilisidə Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq. Azərbaycan kubokunun qalibi səfərdə çətin vəzifənin öhdəsindən gəlməlidir.
Ötən həftə evdəki qarşılaşmada 0:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri mərhələ adlamaq üçün kiçik möcüzə gerçəkləşdirməlidir. Boris Payçadze adına stadionda əldə olunacaq bu uğur təmsilçimizi Hollandiya “Feyenoord”una rəqib edəcək. “Qəbələ” mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlməsə belə, UEFA reytinqində həm özünün, həm də ölkənin əmsalını qaldıracaq nəticə əldə edə bilər.
“Neftçi”nin işi nisbətən asan olacaq. Tulada 1:0 hesablı qələbə qazanan paytaxt futbolçuları üstünlüyünü evdə qorumalıdır.
Azərbaycanın ən titullu klubu “Bakcell Arena”da güclü rəqibi qarşısında büdrəməmək üçün səfərdəki kimi inamlı çıxış etməlidir. Cari mövsüm keçirdiyi bütün matçlarda quru hesabla qalib gələn Roberto Bordinin yetirmələri bu seriyanı doğma arenada davam etdirməyə köklənib. Bakılılar mərhələ adlamağın öhdəsindən gəlsə, İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək.
Qeyd edək ki, hər iki qarşılaşma saat 21:00-da başlayacaq.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim: Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldova)
Tbilisi. Boris Payçadze adına stadionu
İlk oyun – 2:0
21:00. “Neftçi” – “Arsenal” (Rusiya)
Baş hakim: Alan Mario Sant
Baş hakimin köməkçiləri: Edvard Spiteri, Roberto Vella
Dördüncü hakim: Malkolm Spiteri
Hakim-inspektor: Mika Peltola (Finlandiya)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:0