“Qəbələ” futbol komandasının baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” komandası ilə keçiriləcək oyundan öncə mətbuat konfransı keçirib.
APA-nın yerli bürosunun xəbərinə görə, çalışdırıcı sabah Qəbələ şəhər stadonunda baş tutacaq matça hazır olduqlarını açıqlayıb.
O bildirib ki, əsas hədəfləri qələbə qazanmaqdır: “Sabah biz Avropa Liqasında ilk oyunmuzu keçirəcəyik. “Dinamo” bizim üçün çox ciddi rəqibdir. Oyuna tam hazırıq. Məsuliyyəti dərk edirik. Meydana qələbə üçün çıxacağıq. Yaxşı nəticə əldə etməyə çalışacayıq”.
S. Qurbanov təlim-məşq toplanışlarından kifaytə qədər səmərəli yararlandıqlarını da vurğulayıb: “Hazırlığı başa vurmuşuq. Amma Gürcüstanda çempionat davam etdiyinə görə rəqib daha yaxşı formadadır. Çalışdıq ki, komandamız Avropa Liqası üçün pik formanı yığa bilsin. Meydana çıxan oyunçularımıza inanırıq. Yoxlama matçlarında futbolçuların istəkli olması bizə ümid verib. Sabah bütün bunları meydanda göstərməliyik”.
S.Qurbanov rəqibin çempionat matçını izlədiklərini söyləyib: “Dinamo” son oyunlarda qələbələri sıralayır. Onları analiz etmişik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq ki, rəqib istədiyi oyunu sərgiləyə bilməsin”.
Baş məşqçi “Qəbələ”nin heyətindəki gürcüstanlı futbolçuların hazırlığı barədə sualı da cavablandıırıb. “Həm Merab Giqauri, həm də David Volkov komandamızın əsas futbolçularından hesab olunur. Merab yeni cəlb olunsa da, kollektivə tez uyğunlaşıb. Davit isə ötən ildən bizimlədir. Komanda ilə titul da qazanıb. Bizə kömək edə bilib. Hər iki oyunçudan sabah meydanda yaxşı oyun gözləyirik. “Dinamo” komandasında yaxşı oyunçular var. Levan Şengeliyanı isə xüsusi qeyd etmək istəyirəm”.
Qeyd edək ki, “Qəbələ”-”Dinamo” oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tbilisidə olacaq.