“Yaxşı, mobil, sabit komandaya qarşı oynayırdıq. Rəqibi analiz etmişdik. Bilirdik ki, yaxşı hazırlıqlı komandadır”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Zaur Həşimov deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Tbilisi, Gürcüstan) ilə ev oyunu barədə fikirlərini açıqlayıb. Z.Həşimov matçsonrası mətbuat konfransında 0:2 hesablı məğlubiyyətə şərh verib: “Həm fiziki, həm atletik cəhətdən, həm də ümumi komanda şəklində göstərdilər ki, yaxşı formadadırlar. Bu komanda əbəs yerə Gürcüstan çempionatında lider deyil. Öz komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı, Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Demək olar ki, sıfırdan komanda qururuq. Bu gün üçün optimal formada deyilik. Məğlubiyyət istənilən halda ağırdır. Evdə uduzmağımız isə bizə həqiqətən də təsir edir. Öz meydanındakı ilk görüşdə 0:2 hesablı məğlubiyyət ağır gəlir”.
Z.Həşimov komandasının oyun üslubu və ayrı-ayrı futbolçuların çıxışı barədə sualları da cavablandırıb: “Yaratdığımız qol imkanlarının hamısı uzun ötürmələrdən sonra gerçəkləşdi. Hücum planında rəqibin arxasına ötürmələrlə nəyəsə nail olmaq fikrində idik. Belə ötürmələr alınsa da, son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu. Onu əvəzləyəcək hücumçumuz Kristiandır. Sonuncu da hazırlıq baxımdan geri qalır. Ülvi ilk avrokubok matçına çıxdığından ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçulardandır. Əminəm ki, qarşıdakı bir ildə komandaya xeyir verəcək. Volkov yalnız son matçda meydana çıxmışdı. Bu gün də zədəli halda iştirak etdi və əvəzləndi. Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. Rəqib burda 2:0 hesabı ilə qalib gəlib. Lakin biz də səfərə qalib gəlməyə gedəcəyik. Heyət və yeni mövsümlə bağlı sual Sənan Qurbanova veriləsi sualdır. Bu gün üçün optimal oyun oynamırıq. Gənclər yeni qoşulublar. Akademiyadan çox futbolçu gəlib, legionerlər heyətə gec qatılıblar. Hansı hədəflər və tələblər olacağına mən cavab verə bilmərəm. Amma deyə bilərəm ki, çempionatda daha optimal “Qəbələ” görəcəyik”.