Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib.
APA-nın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” S. Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.
***
Saat. 20:55
Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası gerçəkləşib.
APA-nın məlumatına görə, bu, III turun ilk oyunundan sonra baş verib.
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov “qırmızı-qaralar”ın “sükanı arxası”ndan ayrılıb. Buna komandanın çempionata uğursuz start verməsi səbəb olub.
İlk turda “Sumqayıt”a 0:2, ardınca "Qarabağ"a 0:3 hesabı ilə məğlub olan komanda bu gün "Keşlə" ilə də bacarmayıb - 0:4. "Qəbələ" mövsümün startında Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə də hər iki görüşdə uduzub (0:2, 0:3). Nəticədə S. Qurbanov ardıcıl 5-ci qələbəsiz oyundan sonra mətbuat konfransında istefa qərarını açıqlayıb.
Qeyd edək ki, 2011-ci ildən "Qəbələ"də işləyən S. Qurbanov 2012-ci ildən baş məşqçi Roman Qriqorçukun köməkçisi işləyib. 2018-ci ildə ukraynalının gedişindən sonra isə onu əvəzləyib.