Bank Of Baku

Qurban Qurbanov: "Onlar optimal formalarından hələ uzaqdırlar"

Qurban Qurbanov: "Onlar optimal formalarından hələ uzaqdırlar"
# 30 iyul 2019 18:29 (UTC +04:00)

“Çox vacib oyuna hazırlaşırıq. Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir”. 

APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah “Dandolk”u qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında Q. Qurbanov ilk görüşdəki 1:1 hesablı bərabərlikdən sonra cavab matçına ciddi hazırlaşdıqlarını söyləyib: “Xüsusən də, belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hər iki komanda düşündüyüm qədər istəklidir. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyir. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq”.

- Zədəlilərin son durumu necədir?
- Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir.

- Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdir?
- Optimal formalarından hələ uzaqdırlar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar.

- “Dandolk”un ilk oyundakı çıxışına əsasən taktikada hansısa dəyişiklik etməyi düşünürsünüzmü?
- Bütün rəqiblərə qarşı hər hansı bir dəyişiklik olur. Çalışmışıq öz oyun üslubumuzu qoruyaq və yaxşılaşdıraq. Rəqibin istədiklərini yerinə yetirməsinin qarşısını almalıyıq. Təbii ki, hardasa səhvlər olur, gecikmələr yaranır. Rəqibi kollektiv şəkildə analiz etmişik. Öz oyunumuzu göstərmək və yaxşılaşdırmaq fikrindəyik.

- İrlandiya millisinin baş məşqçisi bildirib ki, “Qarabağ” əsəbi oynayacaq...
- İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressivik lazımdır. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var. 

- Sizcə, “Neftçi” “Arsenal” səddini keçə bilərmi?
- İnşallah, keçər. Ölkə reytinqi üçün xallara ehtiyacımız var. Keçmək bir tərəfə, hətta qələbə ilə keçmək ölkəmizə əlavə xal verir. Həm “Neftçi”, həm də “Qəbələyə” uğurlar arzulayıram.

- İspaniya mətbuatı “Estremadura” və “Malaqa”nın Mahir Emreli ilə maraqlandığını yazıb. Bu, nə dərəcədə doğrudur?
- Hazırda oyuna hazırlaşırıq. Matçdan sonra bütün suallara cavab vermək olar.

- Növbəti mərhələdəki potensial rəqib barədə nə düşünürsünüz?
- Hamımızın düşüncəsi sabahkı oyundur. Niyyətimiz sabah qələbə qazanmaq və bu turnirdə davam etməkdir. Bu yarışa qoşulmuşuqsa, düşüncəmiz mübarizəni davam etdirməkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR