Rusiya futbolunun veteranı Sergey Kiryakov Avropa Liqasının “Arsenal” – “Neftçi” matçı barədə müsahibə verib.
APA-nın məlumatına görə, Tula klubunun sabiq çalışdırıcısı sabah baş tutacaq görüş haqda fikirlərini açıqlayıb.
- Hazırkı “Arsenal”ı necə qiymətləndirirsiniz? Komanda sanki Avropa Liqasındakı debütə yaxşı hazırdır...
- Komandanın oyununu müəyyənləşdirən bir sıra futbolçuların gedişindən əksər mütəxəssislər tulalıları heç də ən yaxşı vaxtların gözləmədiyini proqnozlaşdırırdı. Amma biz görürük ki, “Arsenal” bu itkiləri kompensasiya edə bilib. Demək olar ki, komanda özünü Rusiya çempionatının ilk oyunlarında pis göstərməyib. “Dinamo” ilə görüşdə 0:1 hesabı ilə uduzarkən dönüş yaradaraq layiqli heç-heçəyə nail olan “Arsenal”ın bəzi problemləri var idi. “Krılya Sovetov”la görüşdə isə motivasiyalı komanda gördük. Samaralılarla qarşılaşmanın nəticəsi müsbət və ya mənfi impuls verməli idi. “Topçular” da səfərdəki çətin matçda üç xal qazandı. Bu, Avropa Liqasındakı debüt öncəsi nikbinlik yaradır.
- Belə çıxır ki, avrokuboklara vəsiqə qazanan komanda ilə qrupa düşmək üçün mübarizə aparacaq heyət arasında fərq böyük deyil?
- İki rəsmi matça görə qlobal nəticə çıxarmazdım. Amma bu oyunlarda komanda göstərdi ki, liderlərinin gedişindən sonra çətin vəzifənin öhdəsindən gəlir. Onlar vacib xallar topladılar, layiqli və mövsümün əvvəli üçün yaxşı səviyyədə oyun göstərdilər. Toplanış zamanı baş tutan yoxlama oyunları nikbinliyə əsas vermirdisə, Premyer Liqanın startı göstərdi ki, komandada xarakter və yaxşı oyun var. Bu da onu göstərir ki, “Arsenal” Avropa Liqasında təsnifat mərhələlərini keçməyə hazır olmalıdır.
- “Neftçi” ilə oyunlarda “Arsenal” üçün əsas təhlükə kimi nəyi görürsünüz?
- Bütün məqamları və arqumentləri birləşdirsək, burda böyük təhlükə görmürəm. Bu, ətrafında böyük ajiotaj olan vacib oyundur. Hətta Tuladakı matçda anşlaq olacağı deyilir. Bundan başqa, həm komandaya, həm də hər bir oyunçuya özünü beynəlxalq arenada göstərmək lazımdır. Buna görə də bu planda hansısa problem olacağını düşünmürəm. Komanda meydana çıxacaq və döyüşəcək. “Neftçi” pis qıcıqlandırıcı deyil. Bu komanda o qədər ciddi səviyyədə deyil ki, onların üstünlüyü barədə danışıb, azərbaycanlıları favorit sayaq. Doğma meydan amilinin vacibliyini də qeyd edə bilərəm. Hesab edirəm ki, “Arsenal”a ev oyununda müəyyən üstünlük qazanmaq lazımdır ki, iki matçın yekununda mərhələ adlasın. Düşünürəm ki, “topçular” bunu edəcək.
- Keçmiş futbolçu kimi Azərbaycan komandalarına xas olan oyun komponentlərini deyə bilərsiniz?
- Ənənəvi olaraq bu komandaların heyətində texnikalı futbolçular olur. Onlar rəqib imkan verdikdə, boş qalan ərazidə topla oynamağı sevirlər. Onlara qarşı sıx oynayıb, belə imkan verməyəndə özlərini itirirlər və çox şeyləri alınmır. Məncə, əsas fikir buna yönələcək ki, “Neftçi”nin texnikalı futbolçularına sərbəst oynamaq imkanı verilməsin. Tulalılarda həm pressinq tətbiq etməyə, həm mövqe futbolu göstərmək potensialına malik oyunçular var. Ona görə də rəqibin texnikalı futbolçularının həlledici rol oynaya biləcəyi ilə bağlı təhlükə görmürəm.
- “Neftçi”nin kapitanı Emin Mahmudov deyib ki, onların komandası səviyyəsinə görə Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində qərarlaşar. Onun “Arsenal”ın Bakı təmsilçisini yüksək qiymətləndirməməsi üçün klubunun potensialının aşağı qələmə verdiyini düşünmürsünüz ki?
- Sirr deyil ki, belə açıqlamalar rəqibə təsir etmək üçün verilir. Bu belədirmi? Görəcəyik. Mütəxəssislər kimi, siz jurnalistlər də Azərbaycan çempionatını yaxından izləmədiyinizdən “Neftçi”nin səviyyəsini dəyərləndirmək çətindir. Fikrimcə, çempionatlar arasında səviyyə fərqi kifayət qədərdir. Necə olacağını isə oyunda görəcəyik.