"Oyunun çətin keçəcəyini gözləyirik. Bu, yeni mövsümdə ilk rəsmi matçımızdır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
APA-nın məlumatına görə, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının baş məşqçisi Korneliu Papure "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə deyib.
Rumıniyalı çalışdırıcı "ASCO Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, Bakı təmsilçisi haqda məlumat toplamaq baxımından çətinlik çəkiblər: "Süni örtüklü meydançada oynamağımız bizə əlavə çətinlik yaradacaq. Çalışacağıq ki, nəticə müsbət olsun. Hər dəfə rəqib haqda maksimum məlumat toplamağa çalışırıq. Ancaq bu dəfə çətin oldu. Əlimizdə olan yalnız yoxlama oyunlarının götüntüləridir. Ötən mövsümün matçlarına baxmağı isə düzgün saymıram. Çünki fasilədə dəyişikliklər olur".
K. Papurenin sözlərinə görə, futbolda məsafənin uzaqlığı problem olmamalıdır: "Uçuşumuz 2,5 saat çəkdi. Məni daha çox oyun saatındakı isti temperatur narahat edir. Bu iqlimə öyrəşməliyik. Strategiyamız oyundan sonra bəlli olacaq. Favorit göstərilməyimizlə razı deyiləm. Biz hər zaman rəqibə uyğun strategiya seçirik. Rəqibin güclü və ya zəif olmasına baxmırıq".
Qeyd edək ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.