Sentyabrın 9-da Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığması daha bir itki ilə üzləşib.
APA-nın məlumatına görə, balkanlıların təcrübəli yarımmüdafiəçisi İvan Rakitiç AVRO-2020-nin seçmə mərhələsinin sentyabr matçlarını buraxacaq.
Bunu yığmanın baş məşqçisi Zlatko Daliç açıqlayıb. O qeyd edib ki, Slovakiya ilə ayın 6-da, Azərbaycanla üç gün sonra baş tutacaq görüşlər öncəsi heyətdə dəyişiklik zəruri olub: “Millimizi iki çətin oyun gözləyir. Slovakiya və Azərbaycanla matçlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Bu matçlarda maksimum konsentrasiya olmalıyıq. Öz klubundakı gələcəyinə hələ də aydınlıq gətirməyən İvan Rakitiçlə söhbətimiz oldu. Belə qənaətə gəldik ki, yarımmüdafiəçi yığmanın oyunlarına ya hazır deyil, ya da tam köklənə bilməyəcək. Bu üzdən də Rakitiç qarşıdakı matçlarda bizimlə olmayacaq. Onun yerinə Marko Roqu yığmaya çağırdıq. İndi bu barədə çox düşünmək istəmirəm. Onsuz oynamaqdan qorxmuruq və qarşıdakı matçlara köklənirik”.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya matçı sentyabrın 9-da Bakıda olacaq.