Avropa Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Tbilisi, Gürcüstan) ilə cavab oyununda zədələnən “Qəbələ”nin futbolçusu İvitsa Juniçin durumuna aydınlıq gəlib.
APA-nın yerli bürosunun məlumatına görə, matçın ilk yarısında zədələndiyi üçün əvəzlənən xorvatiyalı müdafiəçinin vəziyyətini komandanın baş məşqçisi Zaur Həşimov açıqlayıb.
Matçdan sonrakı mətbuat konfransında futbolçu barədə sualı cavablandıran mütəxəssis İ.Juniçdə sınıq aşkarlandığını vurğulayıb: “Həkimimizin qeyd etdiyinə görə çox güman almacıq sümüyündə sınıq var. Onun müalicəsindəki növbəti mərhələnin necə olacağı - əməliyyatın burada ediləcəyi, yoxsa zədəli oyunçunun Azərbaycana aparılacağını hələ biz də bilmirik”.