Güney Azərbaycanda dilimizin vəziyyəti - ARAŞDIRMA

Güney Azərbaycanda dilimizin vəziyyəti - ARAŞDIRMA
# 27 noyabr 2023 12:57 (UTC +04:00)

Birinci yazı – XOY

İkinci yazı – Urmiya

Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri

Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları

Beşinci yazı – Ərdəbil

Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü

Yeddinci yazı - Marağa

Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı

Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer

Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ

On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər

On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası

On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək

On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri

On beşinci yazı - Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri

On altıncı yazı - Xiyabaninin dağıdılmış, Səməd Behrənginin şəkli oğurlanmış məzarları

On yeddinci yazı - Kəlağayısı ilə məşhur olan, sakinləri torpağın altında yaşayan Azərbaycan şəhəri

On səkkizinci yazı - Andranikin qoşunlarının Xoy, Urmiya və Salmasda törətdiyi vəhşilik - CİLOLUQ FACİƏSİ

On doqquncu yazı - Türkmənçay müqaviləsinin bağlandığı şəhər

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Ana dilini kitablarda yaşatmağa çalışanlar” adlı məqaləsini təqdim edir.

1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması nəticəsində Araz çayının quzey və güneyindəki azərbaycanlıların təkcə ürəkləri deyil, taleləri də bir-birindən ayrıldı. 1905-1911 və 1941-1945-ci illər kimi qısa dövrlər istisna olmaqla, Araz çayının iki tayındakı azərbaycanlıların arasında mədəni, iqtisadi, hətta şəxsi əlaqələr çox az, bəzən hətta sıfır səviyyəsində idi. Araz çayının hər iki tayındakı azərbaycanlıların taleyinin bir-birindən ayrılması kimi qeyd edilə bilən məqamlardan biri də ana dili məsələsidir. Quzey azərbaycanlılar ana dillərində oxuyub-yazmaq uğrunda müəyyən çətinliklər çəksələr də, bu haqq heç zaman onlardan tamamən əsirgənməyib. Azərbaycan türkcəsində yazılmış olan kitablar və ya bu dildə fəaliyyət göstərən qəzetlər və dərgilər, bəzi sıxıntılara baxmayaraq, hər zaman oxucuların əllərinə çatmağı bacarıb. Şükür ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu dil Azərbaycanın rəsmi dili olaraq günü gündən daha artıq inkişaf etməkdədir. Lakin Güney Azərbaycanda ana dilinin və bu dildə yazılmış olan kitabların, yaxud bu dildə fəaliyyət göstərən qəzetlərin taleyi tam fərqli olub. Bu kiçik yazıda Azərbaycanda türkcə kitabların və mətbuatın nəşri tarixinə qısaca toxunduqdan sonra indiki durumda bu yolda mövcud olan çətinlikləri izah etməyə çalışacağıq.

Türkmənçaydan Rza Şaha qədər

Rus-Qacar ​​müharibələri ilə eyni vaxtda Abbas Mirzənin səyi ilə ilk litoqrafik (daş basma) çap maşını Təbrizə gəlib. Maraqlıdır ki, Təbrizdə ilk basılan kitablardan biri də Füzulinin divanı olub. Yenə də maraqlıdır ki, Füzulinin divanının ilk nəşrləri Bakıda və ya İstanbulda deyil, Təbrizdə gerçəkləşdirilib. Güney Azərbaycan türklərinin türk dilinə maraq göstərmədiyini, türk dilinə həvəsin Azərbaycan və ya Türkiyənin təsiri altında yarandığına dair iddiaları rədd etmək üçün təkcə bu fakt kifayətdir. Qacar dövründə Türk dilində bir çox kitablar yazılıb və oxucuların ixtiyarına verilib...

(XIX əsrdə Qacar-türk şahı, Nəsrəddin şahın əmri ilə yazılmış “Məqalid-Ət-Türkiyə” kitabı)

Hətta Qacar-türk şahı, Nəsrəddin şah tanınmış türk siyasətçi və şair Əmir Əlişir Nəvainin şeirlərinə maraq göstərib. Onun əmri ilə Əmir Əlişir Nəvainin şeirlərində olan çətin sözlərə izah vermək üçün “Məqalid-Ət-Türkiyə” adlı sözlük kitabı yazılıb. Yaxud Mirzə Ələkbər Sabir, Molla Məhəmməd Bağır Xalxalı, Şəbistərli Möcüz, Təbrizli Sərraf, Seyid Əzim Şirvani kimi şairlərin əsərləri istər kitab tərzində, istərsə də qəzetlərdə çap olunaraq oxuculara çatdırılırdı. Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" povesti dəfələrlə teatr səhnələrində tamaşaçılara təqdim edilib.

(Mirzə Əli Şəbistərli Möcüz)

Bu durum Rza şahın taxta çıxmasına qədər sürsə də, 1925-ci ildə Pəhləvi səltənətinin başlanmasıyla və farsçılığın İranda dövlət ideologiyası kimi qəbul görüb təbliğ edilməsi ilə artıq heç bir kitab və ya qəzet Türk dilində yayılmaq imkanı tapmadı. Nəinki Azərbaycan türkcəsində heç bir kitab işıq üzü görmədi, qəzetlərdə belə Azərbaycan türkcəsində bir kəlmə söz belə yazılmadı. Bu ağır durum İkinci Dünya müharibəsi zamanı Sovet və Britaniya qüvvələri tərəfindən İranın işğalına və Rza şahın devrilməsinə qədər davam etdi.

(XIX əsrdə yaşayan Molla Məhəmməd Bağır Xalxalinin Azərbaycan türkcəsində qələmə aldığı “Sələbiyyə” (“Tülkü nağılı”).

Rza şahın İranı zorla tərk etməsi ilə illərdir ana dilində yazmaqdan məhrum olan Azərbaycan türkləri haqlarını tələb etməklə yanaşı, qəzet və kitablar çıxararaq bu dili təbliğ etməyə və genişləndirməyə başladılar. 1941-1945-ci illər arası bu dildə çoxlu kitablar və məqalələr yazıldı. Hətta Quzey Azərbaycanlı şairlərin və yazıçıların əsərləri Təbrizdə nəşr edilərək oxuculara çatdırıldı. Artıq 1946-cı ildə Azərbaycan türkcəsi, Azərbaycan Milli Hökumətinin rəsmi və icbari dövlət dili olaraq qəbul olundu və öz tarixi mövqeyini əldə etməyi bacardı. Təəssüf ki, Azərbaycan Milli Hökuməti bir ildən çox sürmədi. Hökumətin ortadan qaldırılması ilə birlikdə Azərbaycan türkcəsinin imkanları da məhdudlaşdırılmış oldu.

(1945-1946-cı illər arasında Azərbaycan Demokrat Firqəsinin sədri və Azərbaycan Milli Hökumətinin Baş naziri olmuş Seyid Cəfər Pişəvəri Azərbaycan türkcəsində yayımlanan “Azərbaycan” qəzetini oxuyur.)

1946-1979-cı illər arası Güney Azərbaycanda işıq üzü görə bilən kitabların sayı bir iki-əlin barmaqlarının sayını keçmir. Bu barmaqsayı kitablar çox vaxt qaçaq və ya gizli yolla, ya da istisna hal kimi çap olunublar. Məsələn, ustad Seyid Məhəmməd Hüseyn Şəhriyar İranda tanınmış şəxsiyyət olsa da, Pəhləvi dövründə onun türkcə şeirləri heç vaxt çap olunmamışdır. Yalnız istisna hal kimi onun “Heydərbabaya salam” poeması türkcə çap olunub ki, bu da yalnız bircə dəfə baş verib. Şəhriyar istər şeirlərində, istərsə də müsahibələrində buna etirazını bildirib. O, türkcə şeirlərinin nəşrinə icazə verilməsini istəsə də, Pəhləvi dövründə onun arzusu yerinə yetirilməyib. Şəhriyara qarşı belə amansız davranan rejimin başqa yazar və şairlərə necə davrandığını təsəvvür etmək çətin deyil. Nəticə etibarı ilə demək olar ki, Rza şah və Məhəmməd Rza şah Pəhləvi dövründə Güney Azərbaycanda Türk dili və türkcə kitab və mətbuat ən ağır günlərini keçirmişdir.

(1953-cü ildə Ustad Seyid Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının ilk nəşri)

İslam inqilabından indiyə qədər

Pəhləvi səltənəti sona çatandan sonra türkcə kitab, dövri nəşrlər və qəzetlər yenidən işıq üzü görməyə başladılar. Bu müddət çox uzun sürməsə də, Pəhləvi dövründən fərqli olaraq, İran İslam Respublikası dövründə Türk dilli heç zaman rəsmən qadağan olunmayıb. Ancaq elə bu dövrdə də qısa bir müddətdən sonra türkcə qəzetlərə qadağalar qoyuldu və türkcə kitabların nəşri çətinləşdi. Yəni qanun nöqteyi-nəzərindən Türk dili qadağan olunmasa da, praktikada bir çox məhdudiyyətlərlə üzləşmək məcburiyyətində qaldı.

(Güney Azərbaycan türklərinin milli oyanışına çox böyük təsir buraxan, dəfələrlə təkrar nəşr olunan, Prof. Dr. Məhəmməd Tağı Zehtabinin “İran türklərinin əski tarixi” kitabı)

1997-ci ildə İranda Məhəmməd Hatəmi prezident seçildi. Onun ifadə azadlığına nisbi dəstəyi və prezidentliyinin ilk illərində yaranmış nisbətən açıq siyasi abu-havada kitab və qəzet nəşri inkişaf etdi. Güney Azərbaycan türkləri də bu durumdan faydalanmağa çalışdılar. İllər boyu dib-bucaqda qalan kitabların çap olunaraq oxucuların ixtiyarına verilməsi şansı yarandı. Qısa bir zaman içərisində bir çox kitab çap edildi. Bunların bir çoxu oxucuların marağını qazanaraq növbəti dəfə nəşr edildilər. O dövrdə bir çox universitetlərdə Güney azərbaycanlı tələbələr öz ana dillərində tələbə jurnalları yaymağa başladılar.

(“Şəhriyarla Birlikdə özgələşməkdən özləşməyə doğru”, Yazar: Məhəmməd Rəhmanifər)

Bütün bu nəşrlərin və kitabların məzmunu müxtəlif olsa da, bir çox ortaq nöqtələrə malikdirlər: Azərbaycanda türklərin tarixi, ana dilinin əhəmiyyəti, Azərbaycan mədəniyyəti, türk şeiri və ədəbiyyatı. Bunların arasında Azərbaycanın tarixi və dili ilə bağlı nəşrlər üstünlük təşkil ediblər. Şübhə yoxdur ki, tarix və dil milli kimliyin formalaşmasının əsas elementləridir. Həmin dövrün mətbuatında dərc olunan bəzi məqalələrdə milli kimliyin formalaşmasında tarixin və dilin rolu açıq şəkildə vurğulanır, Güney Azərbaycan gəncləri öz tarix və dillərini öyrənməyə sövq edilirdi. Sonrakı dövrlərdə türk kitablarına və nəşrlərinə qoyulan məhdudiyyətlər yenidən güclənsə də, Güney Azərbaycan türkləri heç kimin dayandıra bilməyəcəyi və geri dönüşü olmayan bir yola başlamışdılar. Artıq Azərbaycan türkcəsində kitab və məqalə yazıb-oxumaq olduqca yayğınlaşmışdı.

(“Ədəbiyyatdan bir az o yana”, Yazar: Yanar Qaradağlı)

Azərbaycan türkcəsində kitab və nəşrlərinin hazırkı vəziyyəti

Bu il noyabrın 7-də Təbrizdə 18-ci Beynəlxalq Kitab Sərgisi açılıb. İranın dərin iqtisadi problemlər yaşadığı bu günlərdə nəşriyyatların öz kitablarını birbaşa oxuculara təqdim etmələri kiçik də olsa, bir fürsət idi. Bu oxucular üçün də bir fürsət sayılırdı. Çünki İranda kitab bazarının gəlirsizliyi səbəbindən son illər bir çox mağazalar bağlanıb. Bu səbəbdən sərgi oxucuların kitab əldə etmək imkanlarını xeyli asanlaşdıracaqdı. Lakin bu il Təbriz Beynəlxalq Kitab Sərgisində bu imkanların heç birinin həyata keçirilməsi üçün şərait yaradılmadı. Əvvəlki illərdən fərqli olaraq, nəşriyyatlara sərgidə iştirak etməyə imkan və icazə verilmədi. Hər bir nəşriyyatın yalnız son 5 ildə çap olunmuş hər bir adda cəmi 5 cild kitabı Mədəniyyət İdarəsinə göndərmək ixtiyarı var idi. Kitablar isə yalnız həmin idarə tərəfindən qəbul edildiyi təqdirdə, sərgiyə göndəriləcəkdi. Onsuz da İranda kitabların çapdan əvvəl Mədəniyyət İdarəsinin razılığını alması şərtdir. Bu məsələnin xırdalıqlarına toxunmadan söyləyək ki, bu qaydanın əsas məqsədi Güney Azərbaycanda türkcə kitab nəşrini azaltmaq, nəşriyyatları maliyyə zərərlərinə uğratmaq və Türkcə kitab oxumaq istəyənlər üçün kitabların əlçatımlılığını azaltmaqdır. Lakin ən başda gedən məqsəd Azərbaycan türkcəsində yazılmış kitabları oxucuların gözləri önündən uzaqlaşdırmaq olub. Belə ki, adi oxucular bəzən hansısa kitabın çapından xəbərsiz olduqları üçün sərgilər kitabları göz önünə sərmək baxımından əla fürsətdir.

(“Dil-dəniz”, Türkcə-Farsca etimoloji lüğət, Yazar: İsmayil Hadi)

Bu il Təbriz Beynəlxalq Kitab Sərgisində türk kitabları üçün yaradılan məhdudiyyətlər yenidir. Lakin yuxarıda da açıqladığımız kimi Türk kitablarına qarşı məhdudiyyətlərin qoyulması ümumilikdə yeni deyil. Yuxarıda dediyimiz kimi, İranda hər bir kitab işıq üzü görməmişdən qabaq Mədəniyyət İdarəsinə göndərilir, orada senzuraya məruz qalır. Bir çox kitab bu mərhələni keçə bilmədiyi üçün işıq üzü görə bilmir. Bunlar azmış kimi, kitab senzurasının qaydaları da ildən-ilə sərtləşdirilir. Belə ki, Mədəniyyət İdarəsinin razılığı əsasında çap olunmuş kitablar ikinci nəşr üçün bir daha icazə ala bilmirlər!

Son illərdə Azərbaycan türkcəsində yazılmış kitablara qarşı həyata keçirilən senzura qaydaları o qədər ağırlaşdırılıb ki, həm yazarların, həm də nəşriyyatların etiraz səsinin ucalmasına səbəb olub. Məsələn, Azərbaycan türkcəsində olan sözlər “Bakı dilidir” adı ilə kitablardan sildirilir! Yaxud başqa dillərdən alınmış olan sözlərin Azərbaycan türkcəsinin səs qaydalarına uyğun tərzdə yazılmasına izn verilmir və onların fars dilində olduğu kimi yazılmasını təklif edirlər! Bir halda ki hər dilin özünə məxsus qaydaları var və türkcə sözləri fars dili qaydalarına uyğun olaraq yazdığımızda həm dilimizin qaydaları pozulur, həm də onları oxumaq çətinləşir. Əslində, bu işləri görənlərin də məqsədi budur: Azərbaycan türkcəsində kitab yazıb oxumağı çətinləşdirmək.

(“Muğam qəzəlləri”, hazırlayan: Hüseyn Namvər)

Dünyanın çox yerində olduğu kimi, İranda da yeni çap olunmuş kitabları tanıtdırmaq üçün müəyyən tədbirlər keçirilir. Lakin Azərbaycan türkcəsində yazılmış kitabların təqdimatı ilə bağlı tədbirlərin keçirilməsi əvvəllər olduğu kimi, indi də çətinliklə baş tutur, daha doğrusu demək olar ki, heç baş tutmur. Hətta adi şeir kitabının belə tanıtımı üçün planlaşdırılan tədbirlərin qabağı alınır. Belə bir durumda çap olmuş kitabları oxuculara tanıtdırmaq imkansız olur.

Son söz

Sadə bir araşdırma ilə başa düşürük ki, son illər Azərbaycan türkcəsində yazılmış, yaxud yayımlanmış kitab və nəşrlərin qarşısındakı maneə və məhdudiyyətlər günü-gündən artmaqdadır. Təkcə İranda deyil, dünyada internetin müvəffəqiyyəti ilə bağlı kitaba olan marağın nəzərəçarpacaq dərəcədə azalması bu vəziyyəti daha da mürəkkəbləşdirir. Ancaq Güney Azərbaycanın şair və yazıçıları bütün qadağalara baxmayaraq, ana dilini kitablarda, nəşrlərdə yaşatmağa çalışırlar. Onlar bu yolun çətinliyini və əllərində olan imkanların yetərsizliyini çox yaxşı bilirlər. Lakin Ana dilini yaşatmağı, Azərbaycan mədəniyyətini qorumağı və Azərbaycan türkcəsini gəlişdirməyi özlərinə bir milli-mənəvi vəzifə bilən Güney Azərbaycan yazar və şairləri bu yolda əllərindən gələni etməyə qərarlıdırlar!

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR