Bank Of Baku

Hacı Məmmədov: “Kameranın pəncərəsindən 6 dəqiqə asılı vəziyyətdə qalsam da, özümü öldürmək cəhdim alınmadı”

Hacı Məmmədov: “Kameranın pəncərəsindən 6 dəqiqə asılı vəziyyətdə qalsam da, özümü öldürmək cəhdim alınmadı”
# 14 dekabr 2006 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Hacı Məmmədov son sözlə çıxış edib. “Bu günədək yaşamağıma ümidim yox idi. 2005-ci martın 10-da özümə intihar etmək istəmişəm. Martın 24-də saat 4.30-da əynimdəki köynəyimi kəndir kimi hazırlayıb, özümü kameranın pəncərəsindən asmışam. Asılı vəziyyətdə 6 dəqiqə qalmışam, necə sağ qaldığıma inana bilmirəm. Çünki hospitala çatdırılanda beyin hüceyrələrimin 80 faizi ölmüşdü. Bundan sonra da özümü öldürmək üçün yollar axtarmışam. Bunun səbəbi cəmiyyət, tanışlarım, iş yoldaşlarım və dostlarım qarşısında xəcalət çəkməyimdir. Bu məhkəmə prosesində baxılan işlər mənim törətdiyim cinayətlərin 30 faizi, burada oturan adamlar isə istifadə etdiklərimin yarıdan çoxu ola bilər. Dövlət ittihamçıları mənə üst-üstə 293 il iş istədi, ancaq qarşıda olan digər məhkəmələrdə də bu qədər cəza olacaq. Çünki paralel gedən istintaqda digər cinayətlərim və Cavadağa Sultanov haqda məlumat vermişəm. Əgər nə vaxtısa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır. Cavadağa Sultanov şahid kimi ifadə verərkən bütün işlər barədə Məhərrəm Əliyevə məlumat verdiyini dedi. Məhərrəm Əliyev general olduğu üçün bura çağırılmadı, ancaq gizlində də olsa ondan Cavadağanın düz danışıb-danışmamağını soruşmaq olardı. Burada oturanların bəziləri qrupumun üzvüdür, vəzifə baxımından məndən böyüklər isə qrup üzvüm ola bilməz. Ancaq vəzifəsi məndən yüksək adamlar olsa da, yenə də bu dəstəyə Hacının dəstəsi deyirlər”. H. Məmmədov baş verən cinayətlərin başında dayananların şəbəkəsini çoxayaqlı dəniz ulduzuna bənzədib: “Mən və dəstəmin 5-6 nəfər üzləri bu “osminoq”un bir barmağıdır. Mən burada olduğum müddətdə həmin “osminoq” böyüyüb, artıb və məndən də böyük barmaqları var”. Rəna Nəsibova haqda açıqlama verən H. Məmmədov onun Husain Abdulvahabovun dəstəsinin fəal üzvü olduğunu deyib: “Husain Rənadan istifadə edib pullarını alırdı. Rənanın ölümünün səbəbkarı Husain və qardaşıdır. Husain mənə Rəna haqda danışmışdı, onun gözəl maşın sürməsini demişdi. Biz Husainə görə burada oturmuşuq. Mən çox adamın adını çəkib bura gətirdə bilərəm. Husain məhkəmədə məni şantaj etmək istəyirdi, ancaq bilmir ki, məni şantaj etmək istəyənin axırı necə olur. Növbəti məhkəmələrdə onunla yaxşı işim olacaq”. Hacı Məmmədov növbəti məhkəmədə kriminalist Rövşən Əliyevin qətlinin səbəbləri haqda məlumat verəcəyini vurğulayıb: “Rövşənin qətlinin sifarişçisinin kim olduğunu onun ailəsi bilir. Qətldən əvvəl Rövşənə bu haqda demişim, o da evində danışıb. İradə Quliyevanın ifadəsi zamanı bunu başa düşdüm. Rövşənə ehtiyatlı olmasını tapşıranda onun qətlinin sifarişi mənə verilməmişdi. Rövşənin qətlinin səbəbini bilirəm, bu, “osminoq”un başqa və daha böyük ayağıdır. Fətulla Hüseynovun oğluna söz vermişdim ki, atasının qətlini kim sifariş etdiyini ona deyəcəyəm. İndi bildirirəm ki, Fətullanın sifarişçisi elə Tahir özü bilən adamdır. Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisini burada oturanlardan ikisi bilir. Zərərçəkənin özü də sifarişin kim tərəfindən edildiyini bilir, ancaq onunla üz-üzə dayanmağa cürət etmir”. Hacı Məmmədov Şirxan Albiyev, Boris Eyyubov və DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi Azər İsmayılovu öldürməyinə peşman olmadığını bildirib: “Ən böyük həzzi düşmən üzərində qələbə çalarkən alırlar. Mən bu qələbəni çaldım. Onları arxadan vurub öldürmədim, diz üstə qarşımda dayandırıb söhbətimi etdim, bununla da bu dünyada missiyamı başa çatdırdım. Onlar düşmənlərim olublar, məni ailəmlə hədələyiblər, şəxsiyyətimə toxunublar. Azər haqda da çox şeylər deyəcəkdim, ancaq bu sirr olaraq qaldı”. Proses günün ikinci yarısında Hacı Məmmədovun çıxışı ilə davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR