Bank Of Baku

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının dekabrın 16-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Filarmoniyada keçirmək istədiyi konsert baş tutmayıb

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının dekabrın 16-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü  münasibətilə Filarmoniyada keçirmək istədiyi konsert baş tutmayıb
# 18 dekabr 2006 12:01 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədr müavini Qulamrza Səbri Təbrizi dekabrın 16-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan tədbirin baş tutmaması ilə bağlı bəyanat yayıb. Əlaqələndirmə Şurasından APA-ya verilən məlumata görə, bəyanatda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konsertin baş tutmasına maneçilik törətməkdə ittiham olunub: “Noyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik ki, dekabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirmək üçün bizə şərait yaratsınlar. Müraciətimizə həm nazirlik, həm də filarmoniya tərəfindən razılıq verildi. Bundan sonra biz dövlət və qeyri-dövlət təşkilatlarına, görkəmli alimlərə, ziyalılara, xaricdə yaşayan soydaşlarımıza dəvətnamələr göndərdik və həmin günə ciddi hazırlıq gördük. 600-dək qonağın iştirakı nəzərdə tutulan tədbirə 1 gün qalmış filarmoniyanın rəhbərliyi tədbirin baş tutmayacağı haqda bizə məlumat verdi. Səbəb isə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən tədbirin keçirilməsinə qadağan qoyulması göstərildi”. Bəyanatda N. İbrahimovun tədbirin keçirilməsinə müdaxiləsi qanunsuzluq adlandırılıb və baş verənlərlə əlaqədar prezident İlham Əliyevdən hadisəyə müdaxilə etməsi xahiş edilib: “Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və ictimai qurumdur. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi isə dövlət qurumudur və fəaliyyət sahələri oxşar olsa da, hər ikisi ayrı-ayrı təşkilatlardır. Qeyd edək ki, Əlaqələndirmə Şurasının sədri prezident İlham Əliyevdir, dövlət komitəsinin sədri isə Nazim İbrahimovdur. Məntiq də onu deyir ki, dövlət komitəsinin sədri Nazim İbrahimovun rəhbəri prezident İlham Əliyev olan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tədbirini pozmağa haqqı yoxdur. Güman edirəm ki, komitə sədrinin bu hərəkətinə ölkə rəhbərliyi tərəfindən qiymət veriləcək”. Məsələ ilə bağlı Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən isə münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR