Hakimliyə namizədlər imtahan veriblər

Hakimliyə namizədlər imtahan veriblər
# 25 dekabr 2006 10:25 (UTC +04:00)
Bu gün hakimliyə namizədlərin imtahanlarının ikinci mərhələsi keçirilib. APA-nın məlumatına görə, imtahanda birinci mərhələdə 60 və daha artıq bal toplayan 307 namizəddən 302-si iştirak edib. İmtahanı beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət və hüquq müdafiə təşkilatlarını təmsil edən 30-dan artıq müşahidəçi izləyib. İmtahandan öncə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib və imtahanda istifadə edilməsi üçün 8 kazus xarakterli sualın hazırlanmasını müəyyən edilib. Bununla əlaqədar Hakimlərin Seçki Komissiyası (HSK) 2 saat ərzində qapalı iclasda cinayət, cinayət prosesi, mülki və mülki prosesə dair həmin sayda sual hazırlayıb. Hazırlanmış suallardan müşahidəçilərin və namizədlərdən birinin iştirakı ilə tam təsadüfi yolla, lototron vasitəsilə ikisi seçilib. Jurnalistlərin suallarını cavablandıran HSK sədri İman Nağıyev bildirib ki, 4 saat davam edən imtahanda namizədlər sualın mahiyyətini və qanunun məzmununu açmalı, qoyulmuş məsələlərə dolğun qiymət verməli və kazusları həll etməli, qanunun konsepsiyasını ifadə etmək bacarıqlarını nümayiş etdirməlidirlər. İ.Nağıyev bildirib ki, namizədlərin cavabları ikiqat yoxlama üsulu ilə yoxlanılacaq. Belə ki, nəticələri həm HSK üzvləri, həm də dəvət olunmuş mütəxəssislər yoxlayacaqlar: “Bu səbəbdən də cavabların yoxlanması və nəticələrin elan olunması bir ay və bir qədər çox çəkə bilər. Hər mövzu üzrə namizədin cavabı 60 bal və bundan daha çox qiymətləndiriləcək. Tələb olunan balı toplamış namizəd növbəti mərhələdə iştirak etmək imkanı qazanacaq”.
İ.Nağıyev bildirib ki, nəticədən narazı qalan namizədlər Məhkəmə-Hüquq Şurasına apellyasiya şikayəti ilə müraciət edə biləcəklər. Apellyasiya şikayətləri namizədlərin öz iştirakı ilə araşdırılacaq. Komitə sədrinin sözlərinə görə, namizədlər sırasında ədliyyə orqanlarında çalışanlar və vəkillər çoxluq təşkil edir.
Qeyd edək ki, bu ilin oktyabrında 700-dən artıq namizəd üçün test imtahanı keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR