Qeyd edək ki, sözügedən tarixi abidənin ərazisi yerli sakinlərə paylanılıb. Artıq həmin ərazidə bir neçə torpaq sahibi yaşayış evi tikib. Lakin Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində olan tarixi abidələrin yaxınlığındakı torpaq sahələrinin sakinlərə paylanılması, orada yaşayış evlərinin tikilməsi və qazıntı işlərinin aparılması qadağandır.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Vilayət Kərimov dünən hadisə yerində olub, tapıntılara baxıb. V. Kərimov ərazidə çalışan fəhlələrə qazıntıları dayandırmağı tapşırıb, araşdırma aparıldığını bildirib. O, APA-nın yerli bürosuna isə həmin ərazidə qədim məzarlığın olduğunu deyib. Əlavə məlumat vermək istəmədiyini qeyd edən sektor müdiri ətraflı açıqlamanın bir müddət sonra veriləcəyini söyləyib.
Hazırda hadisə yerində heç bir tədqiqat aparılmır. Hətta əraziyə girişin qadağan olunmasını göstərən adi lövhə belə vurulmayıb. İstənilən şəxs qalıqların tapıldığı yerə maneəsiz keçə bilir. Bu laqeydlik isə vacib tarixi əhəmiyyətli tapıntıların məhv olması ilə nəticələnə bilər.