Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, vəkil Elçin Sadıqov məhkəmədə vəsatətlə çıxış edib.
O, vəsatətində video materialların işə əlavə edilməsini və sənədlərin tədqiqi mərhələsində izlənilməsini istəyib.
Zərərçəkmiş Fazil Mustafanın nümayəndəsi məhkəməyə təqdim edilən video linklərlə tanış olduğunu deyib:
"Məhkəməyə verilən video materiallardan 2-si hadisə baş verəndən sonra hazırlanıb. Digər ikisinin mənbəyinin məlum olmadığını, son videoda isə ümumillikdə təriqətlə bağlı sözlər demədiyini vurğulayıb".
Daha sonra Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb. O, müraciətdə uzun illərdir siyasətlə məşğul olduğunu, baş verən terrorun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:
"Dövlətimizin müstəqilliyini qazanmasında müstəsna rol oynamışam. 2003-cü ildən Böyük Quruluş Partiyasının sədriyəm. Bundan başqa 2005-ci ildən 4 çağırışdır millət vəkiliyəm. 28 kitab yazmışam. Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Özüm də dini inancları olan biriyəm. Baş verən terror aktının mənim siyasi fəaliyyətimlə və dünya görüşümlə bağlı olduğunu düşünürəm. İş üzrə dindirilmişəm. Mənə qarşı terror edən şəxsləri tanımıram. Ölkəmizdə terrorçuluq fəaliyyəti həyata keçirmək istəyən İran, erməni terorçularına qarşı çıxışlarım olub.
Xatırladım ki, ötən il Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilmişdi. Bütün bu olanların əsas məqsədi ölkəmizdə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır".
Daha sonra təqsirləndirilən şəxs - Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində digər təqsirləndirilən şəxs Azər Səricanovdan silah aldığını deyib:
"20 ilə yaxındır şiə təriqətinə mənsubam. Azər Səricanovu 1 ildir tanıyırdım. Onunla söhbətlərimizdə dindən danışırdıq. Azər bizə gələndə həmişə Fazil Mustafadan şikayət edirdi. Onun çıxışlarının dinə qarşı qərəzli olduğunu deyirdi. Bir gün ondan kərə yağı gətirməsini istədim. Dedi məşğulam, axşam bizə gələrsən verərəm. Axşam Azərgilə yağ götürməyə getmişdim. Qonaq otağında oturub söhbət etdik. Mənə dedi ki, silah verəcəm, bunu saxlayarsan. Sonra getdi çöldən idman çantası gətirdi. Çantada 7 güllə və patron var idi. Həmin axşam idman çantasını və 10 kilo kərə yağı alıb evə qayıtdım. Azərgildə olanda otaqda ikimizdən başqa heç kim yox idi. Çantanı evə gətirib gizlətdim. Bir dəfə birlikdə çay içəndə ondan silahı nə vaxt məndən alacağını soruşdum, dedi ki, narahat olma götürəcəm. Azər deyirdi ki, Fazil Mustafa dini tənqid edir, ona görə onu öldürəcəm. Mənə onun haqda məlumat toplamağı tapşırdı. Bir dəfə birlikdə çay içəndə ondan silahı nə vaxt məndən alacağını soruşdum, dedi ki, narahat olma götürəcəm. Bu söhbətdən sonra başa düşdüm ki, mənə verdiyi silahla Fazil Mustafanı vurmaq istəyir.
İranda Valeh adında dostum yaşayır. Onunla uşaqlıqdan bir yerdə böyümüşük. Suriyada müharibə başlayanda ora döyüşməyə getdi. Daha sonra Azərbaycana qayıtmadı. İranda yaşamağa davam etdi. Valehlə əlaqəmiz hələ də qalırdı. O, Suriyaya gedəndə mənə də təklif etdi. Ancaq mən getmədim. İrana gedəndə 4-5 dəfə onunla görüşmüşdüm. Sonuncu görüşümüzdə ona Azər barədə danışdım. Valeh bunu xoş qarşıladı. Dedi ki, Azər Fazil Mustafanı öldürsə, dəstək verəcəyini dedi. Dedim necə dəstək? Dedi pul verəcəm. Sonra İranda yaşamağa kömək edərəm. Bu məqsədlə mənə 30 min dollar pul verdi. Bundan başqa Valeh məndən Səngəçalda və Qaradağda olan hərbi obyektlərin fotosunu çəkməyi istədi, dedi ki, İrana gələnədə mənə verərsən. İrana gəlib getdiyim üçün xərcləri qarşılamağa görə 2 min dollar da mənə verdi.
Bakıya gələndə Azərlə görüşdüm. Azərə Valehlə olan görüşümüzdən danışdım. Azər Fazil Mustafa üçün 30 min dollar pulun az olduğunu dedi. Dedi ki, onsuz da onu öldürəcəm. Qaradağda və Səngəçalda hərbi hissələrin fotoların və koordinatlarını topladım".
Təqsirləndirilən Rəşad Əhmədov məhkəmədə verdiyi ifadəsini təsdiqləyib.
Daha sonra hakim Elnur Nuriyev digər təqsirləndirilən Səbuhi Şirinovun istintaqa verdiyi ifadəni elan edib. O, istintaqa ifadəsində hadisə zamanı istifadə etdiyi silahı Azər Səricanovdan aldığını təsdiqləyib:
"Azərlə dostlaşandan sonra Fazil Mustafa barəsində söhbətlərimiz olmuşdu. O, mənə dedi ki, Fazil Mustafa üçün ona lazım olacam. Mənə Fazil Mustafanı vurmaq istədiyini və bunu mənim etməyimi istədi. Buna görə də mənə mükafat verəcəyini dedi. İstəkli şəkildə təklifi qəbul etdim. Daha sonralar Azərin verdiyi adresə getdim. Mənə demişdi o ərazidə kameralar var. Azər mənə demişdi ki, nə olur olsun, Fazil Mustafanı vurmalıyıq. Ona dedim ki, bəs nə ilə vuracam. Dedi sənə silah verəcəm. Dekabr ayında silahı mənə verdi. Silahı alıb evə gəldim. Azər mənə dedi ki, işi həll et sonra geyindiyin paltarları və silahı ona verim. Mən də vurandan sonra paltarları aparıb Azərə verdim. Hadisə yerinə məni Elşad adlı taksi sürücüsü olan dostum apardı. Ona da mükafat verəcəyimi dedim".
Təqsirləndirilən Səbuhi Şirinov da məhkəmədə verdiyi ifadəsini təsdiqləyib.
Təqsirləndirilən şəxslər - Elşad Əsgərov və Emin Əliyarov isə istintaqa verdikləri ifadələri təsdiq ediblər. Onların istintaq zamanı verdiyi ifadələr elan olunmuş sayılıb.
Sonda hakim Elnur Nuriyev məhkəmənin sənədlərin tədqiqi mərhələsinə keçdiyini deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.