Bank Of Baku

Məhkəmə "Şlyapa Zahid"in vəsatətlərini təmin edib

Zahid Niftəliyev

© APA | Zahid Niftəliyev

# 17 fevral 2023 12:42 (UTC +04:00)

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan sabiq gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim İlqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Orxan Kəngərlinin qaldırdığı vəsatətlərə münasibət bildirilib.

Məhkəmə Zahid Niftəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.

Zahid Niftəliyevin ikinci qrup Qarabağ müharibəsi əlili olması, əmək qabiliyyətsiz olması barədə sənədlərin iş materiallarına əlavə edilməsi və prosesin audio yazı ilə aparılması barədə vəsatətlər isə əsaslı hesab olunaraq təmin edilib.

Vəkil Orxan Kəngərli deyib ki, Zahid Niftəliyev səlahiyyətli vəzifəli şəxs olmadığına görə, hər hansı hərbçini ehtiyata buraxa və ya xidmət yerini dəyişə bilməzdi: “Zahid Niftəliyevin sözügedən vəzifələrdə xidmətdə olarkən ittihamda adları qeyd olunan şəxslərdən Əhmədov Şahin Taleh oğlunun və Tağıyev Vüqar Saleh oğlunun ordu sıralarından ehtiyata buraxılması, Allahverdiyev Röyal Azər oğlunun müddətli həqiqi hərbi xidmətinin N saylı hərbi hissədə keçməsi, Bayramov Eldar Elman oğlunun oğlunun və Mirzəyev Fuad Mirdamət oğlunun müddətli hərbi xidmətinin Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin və Təlim Tədris Mərkəzində keçməsi, Nəcəfov Emil-Kərim Kamil oğlunun xidməti uyğunsuzluqla bağlı ordu sıralarından ehtiyata buraxılması, Həsənov Nəsir Namiq oğlunun və Məmmədova Ülviyə Sənani qızının xidmət yerinin dəyişdirilməsi barədə qərarlar qəbul etməsi mümkün deyil. Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsi (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və hərəkətsizlik başa düşülməlidir”.

Cinayət işi məhkəmə baxışına verilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 341.1 ( rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Zahid Niftəliyev "şlyapa Zahid" ləqəbi ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR