"Mərkəz" Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında ilkin dinləmələr keçirilib.
İclasda müdafiə tərəfi vəsatət qaldıraraq Elçin Qəmbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Digər vəsatət isə iclasın qapalı keçirilməsi ilə bağlı olub.
Məhkəmə vəsatətləri təmin etməyib.
İş üzrə zərərçəkmiş qismində tanınmış həbsdə olan MTN generalı Mövlam Şixəliyevin oğlu məhkəməyə gəlməyib, onu nümayəndəsi əvəz edib.
Zərərçəkmiş şəxsin nümayəndəsi çıxışında ittiham olunan şəxsin dəymiş ziyanı ödədiyini, aralarında barışıq əldə olunduğu üçün heç bir şikayət və tələblərinin olmadığını deyib.
Bundan başqa, Elçin Qəmbərovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.
Baxış iclası martın 7-nə təyin olunub.
Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınıb.
Vəkilin Elgün Şixəliyevin 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirdiyi iddia olunur.