Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri araşdırılıb.
Daha sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev vəsatətlə çıxış edərək apellyasiya şikayətinin istintaq yolu ilə araşdırılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim qeyd edib ki, zərurirət yaranarsa, yenidən veriləcəyi təqdirdə vəsatətə baxıla bilər.
Əlibaba Rzayev daha sonra İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyib. O bildirib ki, müvəkkili 4 ilə yaxındır azadlıqdan məhrum edilib:
“Biz düşünürük ki, bu işdə İlkin Süleymanovun heç bir təqsiri yoxdur və barəsində bəraət hökmü çıxarılacaq. Lakin müvəkkilimin 4 ildir hüquqları pozulur və ev dustaqlığına buraxılaraq məhkəmənin davam etməsi onun hüquqlarının müəyyən qədər bərpası olar”.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib. Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.