Qəbələdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə yanvarın 26-da saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb. Sərnişini, 2000-ci il təvəllüdlü Kənan Zakirzadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nən sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Nic qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən 2 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.