Dünən gecə saatlarında Qəbələdə baş vermiş, ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü İbrahimov Ziya Əsgər oğlu dünyasını dəyişib, Şamaxı şəhər sakini 1992-ci il təvəllüdlü Abdullayeva Turanə Ağasəf qızı ağır vəziyyətdə rayon Diaqnostika mərkəzinə yerləşdirilib.
Hər iki şəxsin qonaq gəldikləri Vəndam qəsəbəsində kirayə qaldıqları evin hamam otağında tapıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov
***
10:29
Dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov