Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli kənd sakini iştirak edib.
18:21
***
“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Əlavə məlumat veriləcək.
***
17.37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
17.33
İsmayıllıda meşə ərazisində yanğın hadisəsi baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, yanğın İsmayıllı rayonunun Xənəyi kənd ərazisindəki meşədə qeydə alınıb.
Hazırda İsmayıllı yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar.
Sail Ağasəlim
İlham Əhmədov