Bakı. Etibar Məmmədov - APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən DSX rəisinin müavini, general-leytnant Azad Ələkbərov oyunlar haqqında məlumat verərək bildirib ki, bu yarışlar gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, üç mərhələdə keçirilən oyunlarda 28 sərhədyanı rayonun 139 məktəbinin 695 şagirdi iştirak edib: "Bu ilki oyunların final mərhələsi iyunun 6-dan 14-dək Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən hərbi hissəsində keçirilib. Final mərhələsində komandalar "sıra hazırlığı", "sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "avtomatın sökülməsi və yığılması", "sərhəd pozucusunun yaxalanması və təxliyəsi", "tüfəngdən hədəfə atəş açmaq", "maskalanma" və "ləpirçilik" sahələrində öz bacarıqlarını nümayiş etdiriblər. Oyunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, bilik və idman yarışlarına qatılıblar".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə qeyd edib ki, oyunların keçirilməsində məqsəd dövlət sərhəddinin mühafizəsinə marağın artırılmasıdır. Onun sözlərinə görə, yarışlarda məktəblilərin həvəslə iştirakı sərhədçi peşəsinə olan maraqdan irəli gəlir.
Sonda yarışın qalibləri mükafatlandırılıb. Ümumi balların miqdarına görə, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin "Ləkin" komandası birnci yerə layiq görülüb.
Qeyd edək ki, DSX, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən hərbi-idman oyunları Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunub.