Bakı-APA. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib.
Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub. Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.