Bakı. Hafiz Heydərov – APA. Bu gün Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında növbəti məzunların buraxılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.
Bu il akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər.
Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçib.