Bakı – APA. Dövlət Sərhəd Xidməti Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində təqdim olunmuş texniki vasitələrin rəsmi qəbulu mərasimi keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik avtomobillər və kvadrosikllər, yük maşınları, habelə informasiya texnologiyaları avadanlığı və digər xüsusi texniki vasitələr təqdim olunub.
Bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyin təmin olunmasına və transsərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək. Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Avropa İttifaqının Bakı Ofisinin nümayəndəsi Migel Qomez Maqro iştirak ediblər.