Bank Of Baku

Ermənistan regionda ekstremizmin və terrorun mənbəyidir - MƏQALƏ

Ermənistan regionda ekstremizmin və terrorun mənbəyidir  - <span style="color: red;">MƏQALƏ
# 11 noyabr 2016 14:01 (UTC +04:00)

Aprel döyüşlərində Ermənistan ordusu ilə yanaşı erməni mifi, boş xülyalar üzərində qurulan pafos, “qalib, məğlub edilməz” əfsanələri də məhv oldu, puça çıxdı.  İndi tam səmimi demək olar ki, Azərbaycan əsgəri həm döyüş meydanında qalib gəldi, həmdə düşmənin ictimai-siyasi mühitdə, psixoloji, mənəvi cəhətdən də məğlub olmasına imkan yaratdı. Danılmaz faktdır ki, aprel hadisələri Ermənistanın kriminal siyasi rejiminin iç üzünü hər kəsə, ən əsası isə erməni xalqına açıb göstərdi və Ermənistanda daxili ictimai  siyasi vəziyyət gərginləşməyə başladı. Ermənistanın ictimai-siyasi xadimləri də öz ölkələri haqqında əsl həqiqəti söyləmək məcburiyyətində qaldılar. Lakin həqiqətləri deyən şəxslər dərhal düşmən, xain elan edilərək təqiblərə-təzyiqlərə məruz qaldılar. Aprel döyüşlərindən sonra, ermənilərin gələcəkdə bündan daha ciddi itkilərə məruz qalacagını, məğlub olaraq tam çokəcəyini anlayan və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli təklifini irəli sürən hər hansı bir şəxs dövləti idarə edən terror qruplaşmalarının qəzəbinə tuş gəlir və dərhal onun haqqında hansısa bir “tədbir” görülür. Bir-birinə əks mövqelərdə olan siyasi və hərbiləşdirilmiş qruplar hətta silahlı qarşıdur­ma­dan belə çəkinmirlər. Təkcə “Sosna tserer” hərəkatı iştirakçılarının başına gətirilənlər buna bariz numunədir. Və rejim saxtakarlıqla keçirilmiş parlament seçkilərində olduğu kimi er­mə­ni xalqına bu dəfə də tamamilə qalib gəlmək üçün yenə də ən ağılasığmaz saxta­kar­lıq­la­ra, ya­lanlara əl atır.  Bu gün erməni xalqı artıq tam anlamağa başlayıb ki, işğalçılıq və qəsb­­kar­lıqla əraziləri genişləndirmək, “Böyük Ermənistan” xülyasına yetişmək qeyri-müm­kün­dür, ümüd edək ki, Sarkisyan rejimi də bunu  yaxında anlayacaqdır.   

 

Dünyada demokratiyanın inkişaf etdiyi bir vaxtda Erməni xalqı hələ də bir qrup mafioz, cinayətkar, terror qruplarının əsirinə çevrildiyindən, ölkədə demokratiyadan əsər-əlamət yoxdur. Ona görə də yerli əhali kütləvi surətdə başqa ölkələrə köçür. Rəsmi statistik məlumatlara görə guya Ermənistan əhalisi 2016-cı il oktyabrın 1-nə 2.993.900 nəfərdir. Real vəziyyət bam-başqadır. Bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2015-2016-cı ildə əhalinin sayı 12 min nəfər azalıb. 1991-ci ildə “müstəqillik elan” edildikdən sonra rəsmi “statistikaya” görə Ermənistan əhalisinin sayı 634,7 min nəfər azalıb. Amma tam əminliklə deyə bilərik ki, bu rəsmi rəqəmlərdir, qeydiyyatda olanların sayıdır, hazırda orada yaşayanların yox. Hətta beynəlxalq təşkilatların tədqiqatlarına əsasən Ermənistanı son bir neçə il ərzində 700 min nəfər dən çox (rəsmi mənbələrdə hələ 2012-ci ildə 634.7 min gös­təril­mişdir) insan tərk etmişdir ki, bu da əhalinin 20%-dən artığı deməkdir. Ermənistan Respublikasında fəaliyyət göstərən bəzi ölkələrin diplomatik nümayəndəliklərinin apardıqları araşdırmalardan da məlum olur ki, hazırda faktiki olaraq Ermənistanda 1,2 milyon nəfərdən artıq əhali yoxdur. Əhalinin bu cür sürətlə azalması prosesinin 2 əsas səbəbi vardır təbii azalma və miqrasiya. Bir qarın çörək pulu qazanmaq üçün hazırda 70 min nəfərdən çox Ermənistan vətəndaşı təkcə qonşu Türkiyə dövlətinə sığınıb.

 

Ermənistan xalqını karserdə saxlayan Sarkisyan və onun kriminal komandası azad fikir, ictimai şüur və təşəbbüslə çıxış edən bütün erməni fəallarını pərən-pərən salır, həbsxanalara atır, bir qismi isə məcburən ölkəni tərk edərək xaricə qaçmağa və orada yaşamağa müvəffəq olublar. Əgər belə olmasaydı kriminal rejimin ucbatından hər il ölkəni tərk edənlərin çoxalmasına görə, ölkədə demoqrafiq vəziyyətin faciəvi olmasından Ermənistan siyasi partiyaları da yana-yana danışmazdılar.

 

Ermənistanda əhalinin təbii artım göstəricisi -0,25%-dir, yəni artım neqativdir. Lakin  bu amilin əhalinin belə sürətlə azalması prosesinə təsiri o qədər də böyük ola bilməz. Əsas amil əhalinin sürətlə ölkəni tərk etməsi prosesidir. Onu da qeyd edək ki, oranı tərk edənlərin də demək olar ki, hamısı savadlı kadrlardır ki, bu da xüsusilə ixtisaslı kadrlara lazımi şəraitin yaradılmaması səbəbindəndir. Ölkədə iş tapmaq çətin olduğundan 1997-ci ildən bu günə qədər təxminən 20%-dən çox savadlı vətəndaşlar Ermənistanı tərk etib.

 

Ölkəni tərk edənlərin əksəriyyəti Koçaryan komandasının hakimiyyəti dövrünə təsadüf etmişdir və bu gün də Sarkisyanın sayəsində artan templə davam edir. Onların ölkəni tərk etmə səbəbi kimi isə, korrupsiya, iqtisadiyyatın inhisarlaşması göstərilir. Əhalinin miqrasiyası Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərir. Çünki Ermənistanı tərk edənlər orta təbəqənin nümayəndələridir. Əhalinin azalmasına baxmayaraq adambaşına düşən milli gəlir dəyişməz qalmaqdadır. Yəni əhali azaldığı halda ümummilli gəlirin bölünməsi prosesində hər bir vətəndaşa düşən gəlir artmır.

 

2017-ci il üçün dövlət büdcəsi 2,6 milyard dollar nəzərdə tutulub. “Aykakan jamanak” qəzeti yazır ki, Ermənistanın xarici dövlət borcu bu il 576 milyon dollar artıb və aprel ayına olan vəziyyətə görə bu rəqəm 5 milyard 196 mln dollar təşkil edir.  Nəşr qeyd edir ki, bu göstərici ötənilki rəqəmi 12.4% üstələyir. Eyni zamanda bu dövr ərzində dövlət büdcəsi gəlirləri azalıb. Əgər 2015-ci ilin I rübündə dövlət büdcəsi gəlirləri 517 mln. dollar təşkil etmişdisə, bu il 500 mln. dollara bərabər olub. Bir sözlə, Ermənistanın dövlət borcu 12.5% artıb, dövlət büdcəsi gəlirləri isə 3.2% azalıb. Bu isə onu göstərir ki, Ermənistan yalnız borcların hesabına mövcudluğunu saxlaya bilir.

 

Ermənistan rəhbərliyinin verdiyi rəsmi rəqəmlərə görə ötən il ölkə iqtisadiyyatında güya artım müşahidə olunsa da, buna səbəb məhz erməni ekspertlərinin rəylərinə görə “qara iqtisadiyyat”ın statistik “uğurlar”la gizlədilməsidir. Bundan əlavə erməni şirkətlərinin təxminən 90%-i “kölgə”də işləyir və onların maliyyə dövriyyəsi təxminən Ermənistanın dövlət büdcəsinə bərabərdir. Əsas diqqəti cəlb edən cəhət odur ki, Ermənistanda yeni iqtisadi sahələr açılmır və Ermənistan iqtisadiyyatının “uğurlar”ı köhnə iqtisadi sahələrin hesabınadır. Bu sahələrin isə demək olar ki, böyük əksəriyyəti xarici, xüsusilə Rusiya iş adamlarının əlində cəmləşmişdir.

Ermənistanın energetikası kimi xüsusi əhəmiyyətli sahələri ilə yanaşı artıq Ermənistan dəmir yolu da Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinə verilmişdir. Bu sahənin inkişaf etdirilməsi üçün cüzi vəsait tələb olunur. Bu onu göstərir ki, Ermənistanda daxili maliyyə imkanları olduqca məhduddur və hətta ucuz layihəni belə həyata keçirmək imkanı yoxdur.

 

Ermənistanda istehsalatın 55%-ə qədəri 44 ailənin əlində cəmləşmişdir. Bu isə Ermənistan iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Çünki iqtisadi sahələr inhisarlaşıb və siyasiləşib. Bu cür iqtisadi sahələrdə gizli əməkdən istifadə olunur ki, bundan da Ermənistan büdcəsinə vergi ödənilmir. Ermənistanda rüşvətxorluq və korrupsiya, qeyri-səmimi idarəçilik və bu kimi bir çox neqativ hallar hər sahədə mövcuddur. Son məlumatlara görə iqtisadi imkansızlıq ucbatından Ermənistanda xəstə əhalinin təxminən 60%-ə qədəri səhiyyə xidmətlərindən istifadə edə bilmir.

 

Ermənistan hakimiyyətinin apardığı qeyri-normal, ancaq hakimiyyətlərini əllərində saxlamağa xidmət edən xarici siyasətləri nəticəsində, ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşmüşdür. Əgər Ermənistan hökuməti sadəcə Türkiyə ilə əlaqələrindəki əngəllərdə kompromisə getsə vətəndaşlarının şəxsi gəlirləri təxminən 4 dəfəyə qədər arta bilər. Kriminal hərbi-siyasi rejimin həyata keçirdiyi siyasət erməni xalqını bütün regional və beynəlxalq layihələrdən də kənarda qoymuşdur. Ermənistanda baş verən iqtisadi hadisə və cərəyan edən proseslərə nəzər salsaq, bu ölkə daxilində cərəyan edən iqtisadi proseslərin transmilli layihələrdən kənarda baş verdiyini görə bilərik. Danlmaz faktdır ki, Ermənistan bu gün yenə də sədəqə və ianələr hesabına dolanan və bir qrup cinayətkar tərfindən idarə edilən ölkədir.

 

“Müstəqilliyinin” ilk illərindən indiyə qədər Ermənistan Rusiya ilə Qərb arasında tarazlaşdırılmış siyasət aparmağa çalışmış, həm Rusiyanın hərbi və siyasi dəstəyindən öz təcavüzkar planlarını həyata keçirməyə, həm də erməni dias­po­ru­nun yardımı ilə maliyyə dəstəyindən bəhrələnməyə nail olmuşdur. Dünyanın hər tərəfinə yayılan ermənilər öz gəlirlərindən etdikləri ianə və yardımlardan əlavə, həm də həmin ölkələrin hökumətlərinə müəyyən təzyiqlər göstərərək, dövlət səviyyəsində Ermənistana maliyyə yardımlarının ayrılmasına nail olurlar ki, bu da əhalinin rifahının yaxşılaşdırılmasına yox, Ermənistan büdcəsinin kəsirlərini aradan qaldırmağa sərf edilir. Belə ki, son illər erməni əsilli iş adamları tərəfindən Ermənistana milyonlarla dollar həcmində maliyyə yardımı edilmişdir. Lakin göndərilən vəsait əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaş­dırıl­ma­sına deyil, daha çox maliyyə fırıldağı etmə imkanı olan sahələrə yönəldilmişdir. Bu gün Ermə­nis­tanda bütün gəlirli sahələrin bir qrup mafioz  dəstələrin əlində olması və diasporanın yardımının müxtəlif saxtakarlıqlarla mənimsənilməsi burada olan problemləri daha da dərinləşdirir.

 

Ölkədə olan iqtisadi hərcmərclik, gəlirlərin ədalətsiz bölgüsü, harınlamış iş adam­la­r­ının qeyri əxlaqi davranışı, cinayətkar qurumların cəzasız fəaliyyət göstərməsi ölkə əhali­sində mənəvi-psixoloji  sarsıntlar yaradır, ermənilərin nəinki başqalarına hətta bir-birinə qarşı aqresiv davranmasına səbəb olur. Bu səbəblərdən də ölkədə sosial, ailə-məişət zəmi­nində, baş verən cinayət hadisələri durmadan artır. Erməni mətbuatında hər gün onlarla cinayət hadisələri barədə məlumatlar dərc olunur. Maraqlı olan odur ki, çox vaxt bu hadisələr ən adi, ağlasığmaz dərəcədə cüzi problemlər, çox bəsit məişət problemlərinin həllində aciz qalma ucbatından baş verir. Günün günorta çağı qonşunun qulağını kəsmək, yolda avtomobillə gedərkən qarşısına çıxanın maşınla hərəkəti “xoşuna gəlməyən” məmur balasının ona çataraq yolun ortasında bıçaqlayıb getməsi, işıq pulunu ödəmədiyinə görə mübahisə yaranması və dava nəticəsində kimlərinsə xəstəxanaya düşməsi, ictimai nəqliy­yat­da əsəblərinə hakim kəsilməyən gənclərin qocanı döyüb xastəxanalıq etməsi kimi bir çox bəsit məişət problemləri ucbatından cinayət əməllərinin baş verməsi bu gün Ermənistanda adi haldır.  Bu siyahını yetərincə genişləndirmək də olar.

 

Amma bu gün dünyanı və ən çox da bizi narahat edən digər bir məsələ Sarkisyan höküməti tərəfindən dövlət səviyyəsində dəstəklənən erməni separatizmi, erməni ter­ro­ru­dur. Keçmiş sovetlər birliyi dağıldıqdan sonra “müstəqillik qazanmış Ermənistan” dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Erməni terroru və separatizm ilə bağlı olan çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

 

 Belə ki, 90-cı illərin əvvəllərindən Ermənisatının rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər məşhur terror təş­ki­latları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərməklə onlardan Azərbaycana qarşı geniş istifadə edilmişdir. Ermənistanın xüsusi xidmət orqanları və Dağlıq Qarabağdakı separatçı rejimin bilavasitə iştirakı ilə təmas xəttindən uzaqda törədilmiş 32 terror aktı nəticəsində Azərbaycanın 2000 vətəndaşı həlak olub. 

 

Araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin yüz ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksutyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini özlərinin proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Azərbaycan Cənubi Qafqaz ərazisində erməni terroruna ən çox məruz qalmış ölkədir. Erməni separatizmi nəinki Azərbaycan, eləcə də bütün region dövlətləri üçün real təhlükədir. Erməni separatçı hərəkatı məqsədinə çatmaq üçün nəinki Azərbaycanda, eyni zamanda Qafqaz və MDB məkanında tez-tez müxtəlif təxribatlara əl atır. Belə ki, ermənilər qonşu Gürcüstanda da mütəmadi olaraq separatçı çıxışlar  etməklə, kompakt məskunlaşdıqları Cavaxetiya ərazisinə muxtariyyət verilməsi məsələsini daim gündəmdə saxlayır, öz növbəsində Ermənistan hakimiyyəti qeyri-rəsmi olaraq vaxtaşırı bu  bölgədəki ermənilərdən Tiflisə təzyiq məqsədi ilə istifadə edir.

 

Ermənilərin Gürcüstanda "ikinci Qarabağ" münaqişəsi yaratmaq cəhdi çoxdan sirr deyil. Bu qarşıdurmanın kökü hələ 1918-ci ildə baş vermiş və indi faktiki yada düşməyən erməni-gürcü toqquşmalarına gedib çıxır. Tarixdən o da bəllidir ki, erməni əhalisinin, Qarabağda olduğu kimi, Cavaxetiyada da yerləşdirilməsi 19-cu əsrin birinci yarısında, Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra başlanıb. Faktlardan o da məlum olur ki, 1992-1993-cü illərdə bölgədə yaşayan ermənilər Gürcüstan hökumətinə qarşı çıxmışdır. Gürcu-abxaz münaqişəsi zamanı Abxaziya tərəfində gürcülərə qarşı silahlı müqavimət göstərən və öz amansızlığı ilə seçilən Baqramyan adına erməni batalyonu həmin illərdə xüsusi ilə fərqlənmişdir.

 

Azərbaycanın ərazisinin 20 faizinin işğalı nəticəsində bu ərazilər üzərində nəzarətin itirilməsi Ermənistan istisna edilməklə heç bir dövlətə və ya beynəlxalq təşkilata tabe olmayan nəzarətsiz ərazilər özünəməxsus kriminal "qara dəliyə"yə çevrilib. Orada silah, narkotiklərin qanunsuz daşınması, qeyri-qanuni miqrasiya və insan hüquqlarının kütləvi şəkildə pozulması üçün münbit şərait yaranıb.

 

Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması istiqamətində uzun illərdən bəri apardığı uğurlu siyasətin nəticəsi olaraq hazırda Cənubi Qafqaz bölgəsində ölkəmiz iqtisadi, siyasi və hərbi sahədə müvəffəqiyyətlər əldə etmişdir. Bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr məhz Azərbaycan tərəfinin rəyi alındıqdan və dəstəyi olduqdan sonra aparılır ki, bu da rəsmi Bakının artıq böyük nüfuz sahibi olması deməkdir. Eyni zamanda Ermənistanın bu layihələrdən kənarda qalması, faktiki olaraq onun “coğrafi dalan”a çevrilməsinə gətirib çıxarıb. Azərbaycanın aktiv fəaliyyəti nəticəsində Gürcüstan və Türkiyənin eyni maraqlar baxımından birgə çıxış etməsi, rəsmi Yerevanı daha da sıxır, onun Cənubi Qafqaz bölgəsindəki apardığı separatist siyasətinin əsaslarına zərbə vurur və bu fəaliyyətin nə qədər perspektivsiz olduğunu bir daha sübut edir.

 

Bütün bunlara baxmayaraq Ermənistanın kriminal hərbi-siyasi rejimi bu gün də Azərbaycana qarşı özünün separatçı-terrorçu fəaliyyətini durmadan davam etdirməkdədir. Cari ilin sentyabr ayının sonlarında “müstəqillik günündə” Ermənistanda keçirilən hərbi paradda “İs­gən­dər” tipli əməliyyat-taktiki raket komplekslərinin nümayişindən və Vigen Sar­q­s­yanın Mü­dafiə naziri vəzifəsinə təyin olunmasından sonra isə düşmən tərəfinin Azər­bay­ca­na qarşı səsləndirdikləri aqressiv fikir və mülahizələrin, təxribatların sayı kəskin şəkildə ar­t­­maqdadır. Ermənistanın dövlət məmurları, müstəqil və hərbi ekspertləri, Müdafiə Nazi­r­li­yinin müxtəlif vəzifəli şəxslərinin, son zamanlar isə qondarma Dağlıq Qarabağ Res­pub­­li­ka­sının separatçı rəhbərliyinin də Azərbaycana qarşı hədə və təhdid xarakterli çıxışları mətbuatda geniş yer almaqdadır. Ermənistan hərbi-siyasi rəhbərliyinin, təşəbbüsü və göstərişi ilə edilən bu cür çıxışların sayının artması, silsilə xarakter daşıması, həmin bəyanatlardakı təhdidlərin tədricən daha kəskin formada ifadə olunacağı da istisna edilmir.

 

Aprel hadisələrindən sonra cəbhədə yaranmış nisbi sakitlikdən istifadə edən erməni tərəfi, qoşunların qarşıdurma xəttində apardığı möhkəmləndirmə işləri ilə yanaşı, kütləvi informasiya vasitələrində, eləcə də virtual məkanda da daha aktiv fəaliyyət göstərir. Bütün sadaladıqlarımız hamımızı ayıq sayıq, həmrəy, həmfikir olmağa səsləməli və düşmənin gələcəkdə bizə qarşı törədə biləcəyi çoxsaylı təxribatların vaxtında qarşısının alınması və ona layiqli cavab verilməsi istiqamətində bir yumruq təki birləşməyə sövq etməlidir. Dövlətimizə, Ordumuza bu istiqamətdə əlindən gələn köməyi göstərmək hər birimizin vətəndaşlıq borcudur.   

 

İsa İsmayılov, hərbi jurnalist

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR