Bakı – APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan ordusu İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.
İşğalçılar Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Novruzlu, Cəvahirli, Sarıcalı, Kəngərli, Mərzili, Qaraqaşlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 132 dəfə atəş zərbəsi endirib.