Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Azərbaycanda yalnız əsgər məktubları və əsgər bağlamalarına görə yaranan zərərin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsini təklif edib.
APA-nın məlumatına görə, Hesablama Palatasının bununla bağlı Nazirlər Kabinetinə təqdim etdiyi təklifdə qeyd edilib ki, 2008-ci ilin sonunadək dövlət büdcəsindən milli poçt operatoruna subsidiya yalnız əsgər məktubları və əsgər bağlamalarına ilə bağlı yaranan zərərin ödənilməsi üçün verilib.
Sonrakı dövrlərdən başlayaraq “Poçt haqqında” qanunun 11.5-ci maddəsində təsbit olunan bütün universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərə görə dövlət büdcəsindən hər il “Azərpoçt” MMC-yə subsidiya ödənilir. Qeyd olunan dəyişiklik və audit tədbiri ilə müəyyən olunmuş milli poçt operatoru tərəfindən poçt xidmətlərindən, o cümlədən universal poçt xidmətlərindən əldə olunan gəlirlərin və xidmətlərə çəkilən xərclərin xidmət növləri üzrə ayrı-ayrılıqda uçotunun aparılmaması səbəbindən universal poçt rabitəsi xidmətlərinin göstərilməsindən yaranan zərərin Cəmiyyətin ümumi xərclərinin ayrı-ayrı xidmətlər (o cümlədən universal poçt rabitəsi xidmətləri) üzrə müştərək qaydada bölüşdürülməsi nəticəsində dövlət büdcəsindən “Azərpoçt” MMC-yə ayrılan subsidiyaların həcmi kəskin surətdə artmışdır. Son illərdə bütövlükdə rabitə sisteminin inkişafı və milli poçt operatorunun gəlir mənbələrinin, o cümlədən digər fəaliyyəti (maliyyə xidmətləri və s.) üzrə gəlirlərinin artması universal poçt rabitəsi xidmətlərinin göstərilməsinə görə yaranan zərərin kompensasiyası mənbələrinə yenidən baxılmasını zəruri edir. Yuxarıda göstərilənləri, eləcə də dövlət büdcəsi vəsaitlərindən qənaətlə istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Hesablama Palatası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş “Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və mənbələri”nə əlavə və dəyişikliklər edilməklə universal poçt rabitəsi xidmətləri üzrə əldə olunan gəlirlərin və xidmətlərə çəkilən xərclərin xidmət növləri üzrə ayrı-ayrılıqda uçotunun aparılması tələbinin müəyyənləşdirilməsini, universal poçt rabitəsi xidmətlərinin tərkibinə daxil olan bütün xidmətlərin göstərilməsi ilə bağlı deyil, yalnız əsgər məktubları və əsgər bağlamalarına görə yaranan zərərin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsini məqsədəuyğun hesab edib.