Bakı. Hafiz Heydərov – APA. Ötən il Xəzər dənizində üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.
APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirədə bildirib. O qeyd edib ki, 2015-ci ildə dənizdə dövlət sərhədinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa və brakonyerliyə qarşı mübarizə, eləcə də döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
Ötən il Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb.
İl ərzində DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.