Bakı. Türbət Bağırova - APA. “2014-cü ilin sonlarından başlayaraq neft qiymətlərinin kəskin enməsi bir sıra ölkələrin hərbi xərclərinin kəskin azalmasına gətirib çıxardı. Lakin Azərbaycan, Əlcəzair, Rusiya və Səudiyyə Ərəbistanı kimi neft gəlirlərindən asılı olan bir sıra ölkələr xərcləmələri artırmağa davam ediblər.
APA-nın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) ötən il dünya ölkələrinin hərbi xərcləri ilə bağlı məqaləsində deyilir.
Məqalədə deyilir ki, qlobal hərbi xərclər 2015-ci ildə 1, 676 trilyon dolları keçib ki, bunun da böyük qismi ənənəvi olaraq ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Krallığın payına düşür.
“Cənubi Qafqazda Azərbaycan 2015-ci ildə 3 milyard dollar xərcləyib. Neft qiymətlərinin enməsinə baxmayaraq hərbi xərclər 2014-cü illə müqayisədə Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması ilə əlaqədar 8 % yüksək olub. Azərbaycan neft gəlirlərindən çox asılıdır və 2016-cı ilə olan ilkin büdcəsi göstərir ki, hərbi xərclərdə azalma olacaq. Ermənistanın 2015-ci ildə hərbi xərcləri qonşusundan əhəmiyyətli dərəcədə aşağıdır, lakin 2014-cü illə müqayisədə 7, 7 faiz çox olub”,- deyə yazıda qeyd edilir.