Bakıda bəzi yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilib - FOTO

Bakıda bəzi yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilib - <span style="color: red;">FOTO
# 10 iyul 2013 14:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması çərçivəsində “Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı” magistral su kəmərinin Balaxanı qəsəbəsinə qədər olan hissəsinin istismara verilməklə Abşeron yarımadasının bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsinə imkan yaradıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Ceyranbatan” sutəmizləyici qurğular kompleksinin mövcud imkanlarından istifadə etməklə Ramazan ayı ərəfəsində “Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı” xəttinin Balaxanıya qədər hazır hissəsi ilə Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsinə başlanıb.

Bununla da uzun müddətdir içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilib. Beləliklə, yeni mənbədən içməli suyun verilməsi ilə Mehdiabad qəsəbəsində 4 270, Digah qəsəbəsində 2 960, Gülüstan yaşayış massivində isə 1 000-dən artıq sakinin 24 saat fasiləsiz su təchizatı təmin olunub. Bununla yanaşı, yeni ünvanların şəbəkəyə qoşulması işləri davam etdirilir və bunların nəticəsi olaraq Mehdiabad və Digah qəsəbələrində, eləcə də Gülüstan yaşayış massivində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 10 min nəfərdən artıq olacaq. Layihə çərçivəsində hər bir abunəçi smart-kart sayğacla təmin olunur.

“Azərsu” ASC-nin tədbirlər proqramına uyğun olaraq bu ilin iyul-avqust aylarında Məhəmmədli, Balaxanı, Zabrat-I və Zabrat-II, Sabunçu qəsəbələrinə də suyun verilməsi planlaşdırılır. “Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı” magistral su kəmərinin Balaxanıdan Qala qəsəbəsinə qədər olan hissəsinin tikintisi avqust ayında tamamlanacaq. Buna qədər Ramana və Qala qəsəbəsində anbar komplekslərinin inşası da başa çatdırılacaq.

Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 qəsəbəsində su və kanalizasiya layihələri icra olunur. Ceyranbatan ultrasüzgəcli su təmizləyici qurğunun, “Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı” magistral xəttinin tikintisi, həmçinin qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması işləri başa çatdıqdan sonra Abşeron yarımadasında 1 mln-dan artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR