Varşava Universitetində 20 Yanvar faciəsi anılıb

Varşava Universitetində 20 Yanvar faciəsi anılıb
# 20 yanvar 2014 16:48 (UTC +04:00)

Bakı-APA. Varşava Universitetində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə səfir Həsən Həsənov, səfirliyinin əməkdaşları, Polşada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova və Varşava Universitetinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəhla Kazımova iştirakçıları salamlayaraq sözü cənab səfir Həsən Həsənova verib. Səfir 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, əhəmiyyətindən söhbət açıb. Həsən Həsənov çıxışı zamanı SSRİ-yə məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət və Azərbaycan xalqının öz azadlığı uğrunda göstərdiyi şücaət haqqında tələbələrə geniş məlumat verib.

Səfir qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair çıxardığı məlum dörd qətnaməsinə baxmayaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gün də davam edir və beynəlxalq birlik təcavüzkara qarşı hər hansı bir tədbir görmür.

Çıxışından sonra səfir Həsən Həsənov tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda “Azərbaycanfilm”in istehsalı olan və 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film, faciəni əks etdirən fotoşəkillər nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR