Azərbaycan və Əfqanıstan İKT sahəsində birgə layihə həyata keçirmək niyyətindədir

Azərbaycan və Əfqanıstan İKT sahəsində birgə layihə həyata keçirmək niyyətindədir
# 10 iyun 2013 12:24 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Əfqanıstan TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) və «Avropa-Yaxın Şərq informasiya magistralı» (EPEG – Europe Persia Express Gateway) layihələrində iştirakda maraqlıdır.

«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sangin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə bildirib.

Onun sözlərinə görə, hazırda Əfqanıstanda 1 Mbit/saniyə sürətli internetin qiyməti 50 ABŞ dolları təşkil edir, halbuki 2 il öncə qiymət 4 min dollar olub: «Fiber-optik xətlər hesabına Əfqanıstanda internetin qiymətini aşağı sala bilmişik. Lakin bu da Əfqanıstan üçün çox bahadır və biz çalışırıq ki, internetin qiymətini bir qədər də aşağı salaq».

Ə.Sangin həmçinin əlavə edib ki, Əfqanıstan Azərbaycanın ilk milli süni peyki olan «Azerspace-1»dən yararlanmaqda da maraqlıdır: «Ümumiyyətlə, Azərbaycanla Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur».

Əfqanıstanlı nazir Ə.Abbasovu iyulun birinci yarısında Kabildə keçiriləcək I beynəlxalq İKT sərgi-konfransına dəvət edib.

Öz növbəsində Ə.Abbasov bildirib ki, hazırda Azərbaycanda 1 Mbit/saniyə sürətli internetin orta qiyməti 10-12 dollar təşkil edir və bu orta aylıq əmək haqqının 2-3%-nə bərabərdir: «İnkişaf etmiş ölkələrdə bu qiymət 20-25 dollar civarındadır. Azərbaycan isə bu göstəriciyə görə inkişafda olan və inkişaf etmiş ölkələr sırasında durur».

Ə.Abbasov həmçinin qeyd edib ki, Əfqanıstan TASİM və EPEG layihələrinə qoşularaq ölkədəki internetin olan qiymətini bir qədər də aşağı sala bilər: «Azərbaycan TASİM layihəsində koordinator, EPEG layihəsində isə investor qismində çıxış edir və biz Əfqanıstanı bu layihələrdə iştirak etməyə dəvət edirik».

Nazir Ə.Abbasov əlavə edib ki, yaxın 1 ay ərzində tərəflər arasında işçi qrupunun yaradılacağı və Azərbaycanla Əfqanıstan arasında BMT-nin İnkişaf Fondunun (UNDP) koordinasiyası altında İKT sahəsində iri bir layihənin başlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR