Azərbaycanda bu il keçiriləcək bütün qəbul imtahanlarının günləri açıqlanıb

Azərbaycanda bu il keçiriləcək bütün qəbul imtahanlarının günləri açıqlanıb
# 15 fevral 2013 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günlərini təyin edilib.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu tarixləri açıqlayıb. M.Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq. Ali təhsil müəssisələrinə ərizə qəbulun aprelin 9-dan mayın 15-dək, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək. Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may tarixlərində olacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanı I mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində olacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək istəyənlər ərizələrini mayın 8-dək təsdiqlətməlidirlər, əks halda onlar imtahanın ikinci mərhələsində iştirak edəcək. İyunun 23-də isə rus bölməsi üzrə Azərbaycan dili imtahanının II mərhələsi yalnız Bakıda keçiriləcək. Hərbi liseylərə ərizə qəbulu 15 aprel-25 iyun tarixlərində aparılacaq. Magistraturaya sınaq imtahanı 17 fevral, magistraturanın I mərhələsi üzrə qəbul imtahanı 3 mart, II mərhələsi isə 23 iyunda keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq. Ali məktəblərin müxtəlif istiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək olacaq. Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinin (tam orta təhsil bazasında) müsabiqəsi və yerləşdirilməsi 18-22 avqustda aparılacaq.

Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 17 iyul-15 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanı 5-13 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə 25 avqustda keçiriləcək.
Orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9-12 sentyabrda baş tutacaq.

Rezidenturaya sınaq imtahanı 17-18 avqustda, sənəd qəbulu 14-23 avqust, qəbul imtahanı isə 9-10 sentyabrda keçiriləcək. Orta məktəblərə monitorinq imtahanları aprel-may aylarında keçiriləcək. Buraxılış imtahanları (eksternat və təkrar buraxılış imtahanları daxil olmaqla), iyunda, peşə liseylərinə buraxılış imtahanları 17 martda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR