Novruz Məmmədov Devid Kameronun Kataloniya ilə bağlı açıqlamasına münasibət bildirib

Novruz Məmmədov Devid Kameronun Kataloniya ilə bağlı açıqlamasına münasibət bildirib
# 05 sentyabr 2015 09:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniya baş nazirinin Kataloniyanın İspaniyanın tərkibindən çıxacağı halda Aİ-dən uzaqlaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

APA-nın məlumatına görə, N. Məmmədov bu barədə “Twitter” səhifəsində yazıb. “Prinsipial mövqe nümayiş etdirən baş nazir Kemeron kimi olar. Müstəqillik iddiasında olan Kataloniyaya əməlli-başlı hədə qorxu gəlib. Amma cənab Kemeron görünür, Bako Saakyanın Londona səfərini, görüşlərini və çıxışlarını normal hesab edir. Yəqin Kataloniya çıxsa, əvəzinə Avropa İttifaqına qondarma “Dağlıq Qarabağ Respublikasını” qəbul etmək niyyətləri var”,- deyə Novruz Məmmədov bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kameron Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə avtomatik olaraq Avropa İttifaqından kənarda qalacağı və Aİ-yə üzv olmaq istəyən ölkələr sırasında növbə gözləyəcəyi ilə bağlı açıqlama verib.

Daha əvvəl Katalon Milli Assambleyasının prezidenti Jordi Sançes Kataloniyanın müstəqilliyinin elan ediləcəyi təqdirdə onun Avropa İttifaqı daxilində qalmaqda davam edəcəyi və avrodan imtina etməyəcəyi açıqlamasını verib. Onun təmsil etdiyi qurum Kataloniyanın İspaniyadan ayrılması üçün aktiv fəaliyyət göstərən təşkilatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR