"Uber"ə qarşı müharibə edənlər onu zəif nöqtələrindən vurur - ARAŞDIRMA

"Uber"ə qarşı müharibə edənlər onu zəif nöqtələrindən vurur - <span style="color: red;">ARAŞDIRMA
# 08 iyul 2016 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Uber Technologies" Çin və Hindistan bazarındakı rəqibləri ilə şiddətli mübarizə apardığı bir vaxtda, daha bir Asiya ölkəsində mövqelərini əldən vermək üzrədir. Sinqapurun "GrabTaxi Holdings" startapı artıq altı Cənub-Şərqi Asiya ölkəsinin 30 şəhərində fəaliyyət göstərir. "Uber" isə həmin ölkələrin 15 şəhərində təmsil olunub. "App Annie" analitik şirkətinin məlumatlarına əsasən, mobil əlavə istifadəçilərinin sayına görə, "GrabTaxi" "Uber"i qabaqlayır. "GrabTaxi" 2012-ci ildən fəaliyyət göstərir və onun xidmətləri yerli bazarın spesifikasına tam uyğundur: şirkətin müştəriləri mototaksi çağıra, xırda yüklərin daşınması xidmətindən yararlana və nağd ödəniş edə bilər ki, bu da region ölkələrində olduqca populyardır. Bundan başqa, şirkət Sinqapurdan Malayziyaya və əks istiqamətdə hər gün səfər edənlər üçün "carpooling" (avtomobildən müştərək istifadə - red.) pilot layihəsini işə salıb.

Dörd il ərzində "GrabTaxi" işçi heyətinin sayını 1600 nəfərədək çatdırıb. Ötən il şirkətin dəyəri 1,6 mlrd. dollar həcmində dəyərləndirilirdi. Müqayisə üçün qeyd edək ki, dünyanın ən bahalı startapı olan "Uber"in dəyəri təxminən 68 mlrd. dollardır. Şirkət bu yaxınlarda 14 mlrd. dollar cəlb edib və qlobal və lokal rəqiblərlə müharibə aparmaq üçün kifayət qədər resursa malikdir. Lakin unutmaq olmaz ki, "GrabTaxi"nin ciddi investorları var. ABŞ-ın "Coatue Management" və "Tiger Global Management" hec fondlarından savayı, Sinqapur şirkəti "Uber"in Çin bazarında əsas rəqibi olan "Didi Chuxing Technology" şirkətindən maliyyə dəstəyi alıb. Bundan başqa, "GrabTaxi" "Uber" rəqiblərinin qlobal alyansına qoşulub. Maraqlıdır ki, alyansa həmçinin "Didi Chuxing Technology", Hindistanın "Ola" və ABŞ-ın "Lyft" startapı da daxildir. Qeyd edək ki, bu şirkətlərin xidmətindən yararlanmaq istəyənlər bunu alyansa daxil olan digər şirkətlərin servisindən istifadə edərək edə bilərlər.

"GrabTaxi"nin həmtəsisçisi və baş direktoru, 34 yaşlı malayziyalı Entoni Tan bildirir ki, startapı Harvard biznes-məktəbində oxuyarkən tələb yoldaşları ilə yaradıb. Onun sözlərinə görə, hazırda şirkət yenidən maliyyələşməyə ehtiyac duymur. Bu yaxınlarda şirkət 700 mln. dollar həcmində maliyyə dəstəyi alıb. Baş direktor şirkətin gəliri barədə proqnoz verməkdən çəkinir. Region ölkələrinin əhalisinin böyük bir qisminin plastik kartı yoxdur və belə bir şəraitdə "GrabTaxi" onlara nağd ödəniş imkanı yaradıb. Mototaksilərdən istifadə edən müştərilər isə canını tıxaclardan qurtarmış olur. Bu yaxınlarda "Uber" də analoji addımı atmaq məcburiyyətində qaldı. "GrabTaxi" xırda yüklərin daşınması ilə məşğul olduğu bir vaxtda, "Uber" bu xidməti yalnız ABŞ-da göstərir. Yeri gəlmişkən, "GrabTaxi"nin bu xidməti olduqca populyardır. Buna cavab olaraq, "Uber" bu yaxınlarda Sinqapurda "UberEats" servisini işə saldı. Bu servisdən yararlananlar yemək sifariş edə bilərlər. Ötən həftə isə nəhayət "UberPool" Sinqapur əhalisinin istifadəsinə verildi. Bunadək bu servis yalnız Cakarta və Manilada fəaliyyət göstərirdi.

Cənub-Şərqi Asiyada hər iki şirkət eyni texniki problemlə üzləşir: region ölkələrinin əhalisinin böyük bir qisminin internetə çıxışı yoxdur, beləliklə, startaplardan yararlana bilmirlər. Maraqlıdır ki, hər iki şirkət istifadəçilərinin sayını açıqlamır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR