Bakıda orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib

Bakıda orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib
# 11 aprel 2015 15:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən 184 sayı orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə məktəbin şagird və müəllim heyəti, Qaradağ rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimai təşkilatların üzvləri, rayon ziyalıları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Z.Yaqubun yaradıcılığı haqqında şagirdlərə məlumat verib, şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb.

Məktəbin direktoru Mehriban Ələkbərova şagirdlərlə görüşə gəldiyinə görə xalq şairi Zəlimxan Yaquba təşəkkürünü bildirib və qeyd edib ki, məktəbdə bu cür görüşlərin keçirilməsi ənənə halını alıb.

Tədbirdə məktəbin şagirdləri Z. Yaqubun “Böyük ömrün dastanı” poemasından parçalar səsləndirib, əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı və aşıq Rəfiqə Göyçəli şairin şeirlərinə yazılan mahnıları ifa edib, şair və yazıçılardan Həzi Həsənli, Akif Əhmədgil, Müzahim İsmayılzadə, Kərim Kərimli xalq şairinin yaradıcılığı haqqında danışıb, ona həsr etdikləri şeirlərini oxuyublar.

Sonda çıxış edən Z. Yaqub görüşün təşkilinə görə rayon rəhbərliyinə, məktəbin müəllim və şagird heyətinə təşəkkürünü bildirib. Z. Yaqub şeirlərini oxuyan məktəblilərə fəxri fərman təqdim edib, kitablarını, o cümlədən 13 cildliyini məktəb kitabxanasına hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR