Brüsseldə Əlaqələndirilmiş Sərhəd İdarəçiliyinə dair illik konfrans keçirilir

Brüsseldə Əlaqələndirilmiş Sərhəd İdarəçiliyinə dair illik konfrans keçirilir
# 27 mart 2012 09:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Brüsseldə Əlaqələndirilmiş Sərhəd İdarəçiliyinə dair illik konfrans başlayıb. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Konfransda Avropada riskin idarə olunması və məlumat mübadiləsi, dünya üzrə icra olunmaqda olunan müasir sərhəd və gömrük idarəçiliyi modellərinin tətbiqinin nəticələri, qurumlar arası əlaqələndirilmiş sərhəd idarəçiliyinin tətbiqinin xüsusiyyətləri, sərhədlərin təhlükəsizliyinin təmin olunmasında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunacaq.

Tədbirdə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ölkə üzrə meneceri Məzahir Əfəndiyev Azərbaycanın sərhəd idarəçiliyi sahəsində apardığı uğurlu islahatlar və əldə etdiyi nailiyyətlərlə bağlı məruzə ilə çıxış edəcək.

Tədbirdə eyni zamanda sərhəd idarəçiliyi sahəsində müasir təcrübə öyrəniləcək və həmin təcrübənin Azərbaycanda mümkün tətbiqi variantları müzakirə olunacaq.

Səfər çərçivəsində Sərhəd İdarəçiliyinə dair Avropa Komissiyasının və “Evropol”un rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Səfər zamanı əldə olunmuş təcrübə və biliklər Azərbaycanda hazırlanan Sərhəd Məcəlləsinin təkmilləşdirilməsində, dövlət sərhəd siyasətinin formalaşmasında və həmin siyasət çərçivəsində inteqrə edilmiş sərhəd idarəçiliyi konsepsiyasının işlənilməsində tətbiq ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR