İranda həbs olunan azərbaycanlı şairlərlə bağlı İran prezidentinə müraciət oluna bilər

İranda həbs olunan azərbaycanlı şairlərlə bağlı İran prezidentinə müraciət oluna bilər
# 04 iyul 2012 16:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İranda həbs olunan azərbaycanlı şairlərin azad edilməsi ilə bağlı müdafiə komitəsi yaradılmalıdır. APA-nın məlumatına görə, bu təklifi “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu İranda həbs edilən Fərid Hüseyn və Şəhriyar Hacızadənin müdafiəsi ilə bağlı keçirilən tədbirdə səsləndirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarından ibarət qrup yaradılmalı və şairlərin hüquqlarının müdafiəsi üçün vəkil ayrılmalıdır. Ş.Xuduoğlu bütün ictimaiyyəti buna biganə qalmamağa çağırıb: “Bu, təkcə Azərbaycanın daxili deyil, sərhədüstü, insan hüquqları ilə bağlı məsələdir. Ona görə də beynəlxalq ictimaiyyət buna cəlb edilməlidir”. O deyib ki, Fərid daim yaradıcılıqla məşğul olan bir insandır və onun birdən-birə narkotiklə, casusluqla məşğul olması haqda deyilənlər absurd məsələdir.

“Pen-Klub”un rəhbəri, yazıçı Çingiz Abdullayev şairlərin İranda həbs edilməsinin səbəbinin hələ də tam aydın olmadığını bildirib. Onun sözlərinə görə, sabah klub adından dünyadakı bütün “Pen-Klub”lara müraciət olunacaq və Azərbaycanın bu qanunsuzluqla heç cür razılaşa bilmədiyi bəyan ediləcək.

Tədbirdə çıxış edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə təklif edib ki, şairlərin həbsi ilə bağlı Azərbaycan yazıçıları adından İran prezidentinə müraciət edilsin və Fərid Hüseynlə Şəhriyar Hacızadənin həbsinin səbəblərinin açıqlanması tələb edilsin.

Tədbirdə Azərbaycan ziyalılarının, elm adamlarının İrana getmələrinin təhlükəli olduğu və belə səfərlərə yol verilməməsi ilə bağlı çağırışlar səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR