Bakıda "Gənc Şairələrin II Beynəlxalq Forumu" keçirilir

Bakıda "Gənc Şairələrin II Beynəlxalq Forumu" keçirilir
# 14 mart 2014 08:28 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakıda "Gənc Şairələrin II Beynəlxalq Forumu" keçirilir.

APA-nın məlumatına görə, Forum "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən "Böyük İpək Yolu" BGİ-nin sədri, millət vəkili Fuad Muradov bildirib ki, Forumda 24 ölkə üzrə gənc şairələr iştirak edir: "Onlara Almaniya, Belçika, Rumıniya, Ukrayna, İtaliya, Misir, Bəhreyn və digər ölkələr daxildir. Forum çərçivəsində gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Gənclər Fondunda görüşlər keçiriblər. Əsas məqsəd mədəniyyətlərarası əlaqələri qurmaqdır. Bu gün bu Forumda müxtəlif dindən, dildən olan gənc şairələr iştirak edirsə, deməli, Bakı mədəniyyət paytaxtıdır".

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, layihə artıq Azərbaycanda ikinci dəfədir keçirilir: "Deyə bilərəm ki, bu Forum artıq ənənəvi hal alıb. Ötən il də "Gənc Şairələrin I Beynəlxalq Forumu" təşkil edilmişdi. Forum böyük maraq və rezonansa səbəb olmuşdu. Mən inanıram ki, builki Forum da o cür olacaq və gənc şairələr üçün lazımi şərait yaradılacaq ki, onlar bizim paytaxtımızla, adət-ənənələrimizlə yaxından tanış olsunlar. Biz nazirlik olaraq hər zaman bu cür layihələri dəstəkləmək niyyətindəyik".

Monakonun Azərbaycandakı səfiri Həsən Həmid isə bildirib ki, Azərbaycan getdikcə inkişaf edir: "Biz buraya Azərbaycanın mədəniyyəti ilə tanış olmağa gəlmişik. Bu ölkə getdikcə inkişaf edir və bu bizi çox sevindirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR