Bank Of Baku

Azərbaycanda əmlak bazarında qiymətləndirmə fəaliyyətinin inkişaf potensialına həsr olunmuş beynəlxalq konqres keçirilir

Azərbaycanda əmlak bazarında qiymətləndirmə fəaliyyətinin inkişaf potensialına həsr olunmuş beynəlxalq konqres keçirilir
# 26 noyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ün Bakıda «Azərbaycan iqtisadiyyatının modernləşməsi şəraitində əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin inkişaf potensialı və onun beynəlxalq mübadiləsi» mövzusunda konqres işə başlayıb.
«APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Milli Məclisi iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ölkənin iqtisadi inkişafından danışıb və qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən həcminin 6,3 min ABŞ dollarına çatacağı gözlənilir: «Azərbaycanın xarici borcu ÜDM-nin 6%-ni təşkil edir ki, bu göstərici normal sayılır. Belə ki, digər ölkələrin xarici borcu ÜDM-nin 80%-i səviyyəsindən çoxdur».
Z.Səmədzadə həmçinin qeyd edib ki, əmlak bazarının inkişafı Azərbaycan üçün mühüm və vacib məsələlərdən biridir və bu istiqamətdə hökumət tərəfindən bir sıra iş aparılır. Z.Səmədzadənin sözlərinə görə, ölkədə normal qiymətləndirmə sisteminin olmaması bələdiyyə orqanlarının gəlir əldə etməsinə də mane olur.
Tədbir çərçivəsində daşınmaz əmlakın ölkədəki inkişafından danışan Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov qeyd edib ki, bu sahədə bir sıra boşluq mövcuddur ki, bunları aradan qaldırmaq lazımdır: «Bu istiqamətdə Azərbaycanla Dünya Bankı arasında «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» icra olunur və bu layihə ölkənin əmlak bazarını canlandıracaq».
A.Qaraşov onu da qeyd edib ki, bu sahədə qiymətləndirmə və metodologiya olmadığından əmlak vergisinin toplanmasında da problemlər mövcuddur. Belə ki, ölkədə fəaliyyət göstərən bələdiyyələr əmlak vergisinin toplanmasından məhrumdur: «Əgər bələdiyyə orqanlarının ümumi gəliri 11% təşkil edibsə, əmlak vergisindən əldə olunan gəlir cəmi 1,2% səviyyəsində olub. Bu da onu göstərir ki, müasir qiymətləndirmə sisteminin yaradılması vacib amillərdən biridir».
A.Qaraşovun sözlərinə görə, qiymətləndirmə sisteminin olmaması ölkənin ipoteka kreditləşməsində də problemlər yaradır: «Hazırda Azərbaycanda qiymətləndirmə 1991-ci ilin baza qiymətləri ilə aparılır. Bizim təkliflərimiz isə yeni müasir qiymətləndirmə sisteminin yaradılmasından ibarətdir».
Konqresdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü Xanhüseyn Kazımlı qeyd edib ki, Azərbaycanda qiymətləndirmə sistemində mövcud olan problemlər aradan qaldırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır: «Qiymətləndirmədə beynəlxalq standartlar var ki, Azərbaycanda bunun tətbiqinə böyük ehtiyac duyulur».
Qeyd edək ki, iki gün davam edəcək konqresdə Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Moldova və digər ölkələrin qiymətləndiricilər birliklərinin nümayəndələri iştirak edirlər. Konqres Beynəlxalq Maliyyə Korporasiyası (IFC), MDB-nin Qiymətləndiricilər Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR