Bank Of Baku

"AzParking" mobil tətbiqi avqustun 7-dən istifadəyə veriləcək - FOTO

"AzParking" mobil tətbiqi avqustun 7-dən istifadəyə veriləcək - FOTO
# 01 avqust 2023 10:15 (UTC +04:00)

Nəqliyyat vasitələrinin parklanmasının idarəedilməsi üçün mobil tətbiq - "AzParking" bu il avqust ayının 7-dən istifadəyə veriləcək.

"APA-Economics" xəbər verir ki, bunu parklanmanın idarəedilməsi üçün mobil tətbiqin təqdimatı ilə bağlı brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, mobil tətbiq artıq hazırdır və onun istifadəyə verilməsi 7 avqust tarixində baş tutacaq.

Anar Rzayev qeyd edib ki, vətəndaşlar mobil tətbiqi cihaza yükləyərək, qeydiyyatdan keçərək ondan istifadə edə biləcək.

Məlumat üçün bildirək ki, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Belə ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək.

İstifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.

Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir.

Qeyd edək ki, proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb.

İstifadəçilərə 3 dildə xidmət təqdim edən tətbiqdə 1, 7 və 30 gün ərzində edilən ödənişləri görmək mümkündür.

Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir. Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR