“Rəqabət Məcəlləsində sanksiyaların məqsədi cəzalandırmaq deyil, pozuntu törədə biləcək oyunçuların bir növ xəbərdar edilməsidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O bildirib ki, cari təcrübədə "Azərsu" ASC tərəfindən pozuntu törədilməsi halı olub: “Xəbərdarlıqdan sonra həmin pozuntu aradan qaldırıldı. Biz bütün şirkətlərin adını çəkməyimiz doğru olmaz, bu onların işgüzar nüfuzuna ziyan vura bilər”.
Elnur Əliyev AZAL-la bağlı problemə də toxunub: “Mən AZAL-da Müşahidə Şurasının üzvüyəm. Sual olunur ki, nəyə görə AZAL-da həm sərnişindaşıma, həm aeroport binası, eyni zamanda yerüstü xidmətlər olmalıdır? Bütün funksiyaların bir aviaşirkətdə olması dövlətin siyasətinə uyğundur. Antiinhisar qurumun da rolu siyasətə əməl olunması olacaq”.
Komitə sədri Tahir Mirkişili isə əlavə edib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə AZAL-dan başqa 13 aviaşirkət uçuşlar həyata keçirir: “Bakı Aeroportundan sərnişinlərin 40 %-i onlar vasitəsilə daşınır. Məsələn, İstanbul Hava Limanından sərnişin daşınmanın 80 %-I Türk Hava Yollarına məxsusdur. Bu inhisardır, hökmran mövqedir. Amma Türkiyə dövlətinin maraqlarına ziddirmi? Hər halda zidd olmadığı üçün yəqin ki, bu mövqeyi saxlayıblar”.