“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalayıb.
İmzalanma mərasimində çıxış edən Q. Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirib. “Azərsu” ASC-nin sədri ötən il icrasına başlanılmış və Koreya hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70%-dən çoxunun yerinə yetirildiyini də diqqətinə çatdırıb.
Y. Hyueoq Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, təmsil etdiyi bankın infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab sutəmizləyci qurğunun tikintisi üçün 43,5 mln. dollar kredit ayrılacaq.
Qurğunun tikintisi Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcək. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.