“Salam Air” aviaşirkəti tərəfindən Maskat-Bakı-Maskat reysi üzrə uçuşların həyata keçirilməsinə başlanılıb.
“APA-Economics”in məlumatına görə, Omanın paytaxtı Maskat şəhərindən Bakıya birbaşa avia uçuşlar Omanın “SalamAir” avia şirkəti tərəindən həyata keçiriləcək.
Omanın “SalamAir” avia şirkətinin Azərbaycandakı Baş Satış Nümayəndəliyi olan “Falcon Luxury Travel” şirkətinin rəhbəri Pərviz Musayev bildirib ki, iyun ayının 14-dən etibarən Maskat-Bakı-Maskat birbaşa uçuşlarına başlanılıb.
Onun sözlərinə görə, bu uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək: “Azərbaycanın gözəl turizm potensialı var. Biz bunu qiymətləndirməli və dünya bazarında tanıtmaq üçün bütün səylərimizi əsirgəməməliyik. Omanın isə gözəl dənizi var. İnanırıq ki, yay aylarında Omandan Azərbaycana, sentyabr ayından başlayaraq isə Azərbaycandan Omana turistlər səfər edəcək”.
O qeyd edib ki, uçuşların ikisi gecə saatlarında həyata keçiriləcək: “Bir uçuş isə axşamdır. Həftənin cümə axşamından cümə gününə və çərşənbə axşamından çərşənbəyə keçən gecə təyyarə saat 02:40-da Bakıya çatacaq və 03:20-də Omana uçacaq. Həftənin bazar günləri isə axşam saat 21:20-də Bakıya çatacaq və 22:20-də Omana uçacaq”.
P. Musayev bildirib ki, bu uçuşlara böyük tələbat var: “Omandan Bakıya uçuşlara böyük tələbat var. Körfəz ölkələrində havaların çox isti olması ilə əlaqədar oradakı insanlar gözəl təbiəti və havası sərin olan ölkələrə səfər edirlər. Biz Körfəz ölkələrindən daha çox turist cəlb etmək niyyətindəyik. Bildiniz kimi, bu məqsədlə Oman vətəndaşları üçün Azərbaycana viza rejimi asanlaşdırılmış və sadələşdirilmiş formada həyata keçirilir.
“Falcon Luxury Travel” şirkətinin rəhbəri bildirib ki, tələbat artdığı halda gələcəkdə bu uçuşların sayının artırılması nəzərdə tutulur: “Tələbat çox olarsa, gələcəkdə biz bu uçuşların sayını artırmaq niyyətindəyik. İlk əvvəl biz həftədə iki uçuşun həyata keçirilməsini nəzərdə tutmuşduq. Lakin artıq üçüncü reysi də əlavə etmişik. Hazırda həftədə 3 uçuş həyata keçiririk. Təlabat olduğu təqdirdə dördüncü, hətta beşinci uçuşları də həyata keçirməyi planlaşdırırıq”.
“SalamAir” aviaşirkətinin Baş icraçı direktoru Məhəmməd Əhməd Abdulla Əhməd Azərbaycanın çox gözəl ölkə olduğunu bildirib: “Sizin Bakı kimi gözəl şəhəriniz var. Bu şəhər Omandan gələn insanların istirahət etməsi üçün gözəl şəhərdir. Biz bu gün burada olmaqdan məmnunluq duyuruq”.
M. Əhməd Abdulla Əhməd qeyd edib ki, “SalamAir” aviaşirkətinin qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, şirkətin hədəfləri olduqca böyükdür: “Növbəti 5 illə bağlı böyük planlarımız var. “SalamAir” avia şirkəti 60-dan çox istiqamət üzrə uçuşlar həyata keçirəcək. Azərbaycan prioritet ölkə olduğu üçün gələcəkdə uçuşlarımızın sayını artırmaq niyyətindəyik”.