“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyət göstərəcək.
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni təsis olunan nümayəndəliyin açılış mərasimində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və gəmiçilik şirkətlərinin əməkdaşları, o cümlədən iş adamları iştirak ediblər.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini birləşdirən bir “hub” rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən R.Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən danışıb.
Qeyd olunub ki, gəmiçiliyin 9 mindən artıq əməkdaşı və iki böyük donanması mövcuddur. Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin QSC nəzdində Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Mərkəzi fəaliyyət göstərir.
Tədbirdə “Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.