Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentinanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə bu ilin mart ayında Argentinaya işgüzar səfəri zamanı uğurlu və səmərəli nəticələrin əldə edildiyini vurğulayan Ə. Abbasov “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə sazişi”nin gələcək əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini bildirib.
Qeyd edilib ki, Argentina tərəfi peyk sənayesi, nüvə texnologiyaları, Argentina-Azərbaycan birgə müəssisələrinin təsis edilməsi, biotexnologiyalar üzrə araşdırmaların aparılması istiqamətləri üzrə ölkəmizlə birgə fəaliyyət və əməkdaşlığın gücləndirilməsi niyyətindədir. Xüsusən, ölkəsinin Azərbaycanın yeni peyk layihələrinə göstərdiyi maraqdan söz açan argentinalı diplomat bildirib ki, Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkəti növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə öz təklifləri ilə iştirak etməyi planlaşdırır.
Hər iki ölkənin yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi kimi eyni hədəfə malik olduğunu da vurğulayan diplomat, ölkəsinin Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşunun həyata keçirilməsində maraqlı olduğuna diqqət çəkib.
Səfir əməkdaşlığın genişləndirilməsində birgə layihələrin vacibliyini bir daha önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında Argentina şirkətlərinin iştirakının istisna edilmədiyini, eyni zamanda Argentina Federal Planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri Xulio de Vidonun ölkəmizə gözlənilən rəsmi səfəri çərçivəsində birinci Azərbaycan-Argentina Yüksək Texnologiyalar Forumunun keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb.
Öz növbəsində Ə. Abbasov da mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun həyata keçirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, K. D. Rivanın diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.